“Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək gender əsaslı zorakılığa dəstək komponenti” layihəsi həyata keçirilir

28 sentyabr 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP)  2011-ci ildən “Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi kənd və rayon yerlərində yaşayan qadınların sahibkarlıq fəaliyyətinə qoşulması və məşğulluğunun artırılması üçün iqtisadi imkanlarının təmin edilməsidir.
 
Bu il isə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə “Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək gender əsaslı zorakılığa dəstək komponenti” adlı layihəyə start verilmişdir.  Layihənin icrasında məqsəd gender zəminində məişət zorakılığı hallarını aradan qaldırmaq üçün icmadaxili mexanizmlərə dəstək vermək, onları gücləndirmək, qadınların iqtisadi səlahiyyətlərini genişləndirməkdir.
 
Layihə çərçivəsində 23-24 sentyabr tarixlərində Salyan, Neftçala, Masallı, Biləsuvar rayonlarına səfər edilmişdir. Yerli icra hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun və adiyyəti dövlət qurumlarının iştirakı ilə keçirilən görüşlərdə layihənin icrası məqsədilə koordinasiya işinin təşkil edilməsi istiqamətində fəaliyyətlər və məqsədlər müzakirə edilmişdir. Komitənin  Hüquqi-təminat şöbəsinin müdir müavini Seymur Məmmədov və BMTİP-in layihə icraçısı Gülarə Hümbətovanın iştirakı ilə keçirilən görüşlər zamanı məişət zorakılığının qarşısının alınması məqsədilə preventiv tədbirlərin görülməsi, zərər çəkmiş şəxslərə hüquqi və psixoloji yardımın göstərilməsi və digər müvafiq mövzular üzrə cari il ərzində həyata keçiriləcək işlər müzakirə edilmişdir.
 
Layihənin davamı kimi Sabirabad, Zaqatala, Qusar, Xaçmaz, Xəzər  rayonlarına da səfərlərin edilməsi və təlimlərin keçirilməsi nəzərdə tutulur.