“Mediada ailə, qadın və uşaq məsələlərinin işıqlandırılması: nailiyyətlər və perspektivlər”mövzusunda konfrans keçiriləcək

22 iyul 2016

Paylaş:

22 iyul – Azərbaycanda Milli Mətbuatın yaranmasından 141 il ötür. Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.

Müstəqilliyin əldə  edilməsindən sonra Azərbaycanda KİV-lərin sayında önəmli ölçüdə irəliləyiş  baş vermişdir. Və bu gün də maarifçilik missiyası uğurla yerinə yetirilir. Bu tarixi gün müxtəlif dövlət qurumlarında, o cümlədən,  respublikanın hər bir bölgəsində təntənə ilə qeyd olunur.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə iyulun 20-də saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində “Mediada ailə, qadın və uşaq məsələlərinin işıqlandırılması: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçiriləcək. Milli Mətbuat Günü münasibətilə keçiriləcək konfransda dövlət orqanlarının, mətbuatın və ictimaiyyətin görkəmli nümayəndələri, jurnalistlər iştirak edəcəkdir.  Azərbaycanda kütləvi informasiya vasitələrində dövlət ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində çıxışlar dinləniləcək, qarşılıqlı fikir mübadiləsi aparılacaq.

Konfransın yekununda mediada ailə, qadın və uşaq məsələlərinin peşəkar işıqlandırılmasına görə, eyni zamanda  aparılan araşdırmalar və təhlillər üzrə 2016-cı ilin monitorinqinin nəticələrinə əsasən jurnalistlərin mükafatlandırılması nəzərdə tutulub. (Ünvan: Yasamal r, Mətbuat 23)