Komitənin Bərdə rayonunda 17 yaşlı qızın qaçırılmasına dair məsələ ilə əlaqədar açıqlaması

28 avqust 2020

Paylaş:

28.08.2020-ci il tarixdə kütləvi informasiya vasitələrində Bərdə rayonunda 17 yaşlı qızın 2 dəfə ailə həyatı qurmuş şəxs tərəfindən qaçırıldığı ilə bağlı məlumatlar öz əksini tapıb.

İctimaiyyətin diqqətinə çatdırırıq ki, dərhal məsələ ilə əlaqədar müvafiq məlumat yayılmasına baxmayaraq, öz növbəsində  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən məsələnin araşdırılması üçün Bərdə rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupuna müraciət edilib.
Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini, Monitorinq qrupunun sədri Fəqət Şadlinskaya ailəyə səfər edərək azyaşlı qızla görüşüb. Söhbət əsnasında həqiqətən də  qızın öz istəyi ilə ailə qurduğu məlum olub və yaxın vaxtlarda münasibətlərinin rəsmləşdirilməsi üçün aidiyyəti dövlət orqanına müraciət edəcəkləri bildirilib.

Qeyd etməyi lazım bilirik ki, göstərilən məqamlar  söhbətin video yazısında da bir daha öz təsdiqini tapır.
Bir daha xatırladırıq ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən nikah yaşı oğlanlar və qızlar üçün 18 yaş müəyyən edilib. Yalnız yerli icra hakimiyyəti orqanının razılığı əsasında nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 23 iyun 2020-ci il tarixli Qərarla “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda  əksini tapdığı kimi erkən nikah hallarının qızların fiziki, psixoloji və reproduktiv sağlamlığına, o cümlədən sosial həyatına  bir sıra ciddi problemlər yaratdığını vurğulayır və gənclərimizi düşünülməmiş addımlardan çəkinməyə çağırırıq.