«Öyrən, İdarə et, Lider ol” mövzusunda 5 günlük təlimə yekun vurulmuşdur

25 iyul 2016

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Nizami Rayon İcra Hakimiyyəti ilə birgə18-22 iyul, 2016-cı il tarixlərində«Öyrən, İdarə et, Lider ol” mövzusunda təşkil etdiyi 5 günlük təlimə yekun vurulmuşdur.

Təlimdə Bakı şəhərinin rayonlarını  təmsil edən 28 məktəbli iştirak etmişdir. 5 günlük təlimdə məktəblilərə ekspertlər tərəfindən müxtəlif mövzularda təlimlər keçirilmiş, müzakirələr, qrup işləri aparılmışdır.

Təlim zamanı Komitənin Uşaq Problemləri şöbəsinin əməkdaşları Günel Nağdalıyeva və Fərid Ədilov “Uşaq hüquqları: hüquq və vəzifələrimiz. Qanunvericiliyimiz”, “Uşaqlarda liderlik keyfiyyətlərinin inkişafı. Liderlik və idarəetmə-bacarıq və tələblər”, “Qarabağ həqiqətlərini dünyaya çatdıraq”, “Uşaq və yeniyetmələrin internet təhlükəsizliyi” mövzularında, Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəhman Hüseynov “Multikulturalizm: milli-mənəvi dəyərlər”, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Nərgiz Kərimova tərəfindən “Yeniyetmələrə və Gənclərə Sağlam Həyat tərzi haqqında məlumat. Sağlamlığa təsir edən amillər” mövzusuda təlimlər keçirilmiş, aktiv müzakirələr, qrup işləri aparılmışdır. Həmçinin, təlim zamanı həkim-yazıçı Asif Kəngərli uşaqlarla alkoqolizm və narkomaniya ilə bağlı maarifləndirici söhbət aparmış, müəllifi olduğu “Bəla” pyesinin tamaşası uşaqlara nümayiş olunmuşdur.

Təlim proqramı çərçivəsində uşaqların  Nizami rayonu, Heydər Əliyev parkında yerləşən Akvarium əyləncə mərkəzinə gəzintisi təşkil edilmiş, onlar üçün film nümayiş edilmişdir.

Təlimin bağlanış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva,  Nizami rayon İcra Hakimiyyəti başçsının müavini Gülnaz İsrafilova və Milli Məclisin deputatı Sədaqət Vəliyeva iştirak etmişdir. Sonda təlim iştirakçıları Komitə tərəfindən təlimdə uğurlu iştirakına görə sertifikatla təltif edilmişdir.