Zərdab rayonunda erkən nikah faktının qarşısı alınmışdır

20 avqust 2020

Paylaş:

19.08.2020-ci il tarixdə Ailə Qadın və Uşaq Problemləri üzə Dövlət Komitəsinə “Təmiz dünya” İctimai Birliyi tərəfindən Zərdab rayon kənd sakininin 2006-cı il təvəllüdlü qızını erkən nikaha məcbur etmək məqsədi ilə nişanladığına dair məlumat daxil olmuşdur. Müraciətin araşdırılması barədə operativ olaraq, Komitə nəzdində fəaliyyət göstərən Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinə (UADM) müvafiq tapşırıqlar verilmişdir.

Məsələ ilə bağlı Zərdab UADM-nin, Zərdab Rayon İcra Hakimiyyətinin və Zərdab Rayon Polis Şöbəsinin məsul əməkdaşları ailəyə səfər etmiş, vəziyyətlə yerində maraqlanmışlar.

İlk növbədə azyaşlı ilə söhbət aparılmış və məlum olmuşdur ki, valideynləri 14 yaşlı qızı məcburən təhsildən yayındıraraq nişanlamış, orta təhsilini başa vuraraq ali məktəbə daxil olmaq istəyinin reallaşmasına məhdudiyyət qoymuşlar. Bununla da həddi-buluğa çatmamış azyaşlının Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan bir sıra hüquqlarının pozulmasına kobud cəhd olunmuşdur.

Məsələ  barədə uşağın təhsil aldığı kənd məktəbinin direktoru məlumatlandırılmış, öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görməli olduğu onun diqqətinə çatdırılmışdır.

Həmçinin uşağın valideynləri törətdikləri kobud qanun   pozuntularının mahiyyəti və müvafiq normativ aktlarda nəzərdə tutulan hüquqi məsuliyyətləri ilə əlaqədar məlumatlandırılmış, izahatları alınaraq onlara ciddi xəbərdarlıq edilmişdir.

İctimaiyyətin haqlı qınağına səbəb olan bu hadisə Dövlət Komitəsi və Zərdab Rayon İH-də fəaliyyət göstərən “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu” çərçivəsində nəzarətə götürülmüşdür.

Eyni zamanda məsələnin həddən artıq ciddiliyini və nikaha girmək istəyən digər tərəfin də məsuliyyət daşıdığını nəzərə alaraq qarşı tərəflə də məcburi erkən nikahın qarşısının alınması istiqamətində müvafiq iş aparılır.