Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Rəhman Cəfərovun ailəsini sosial nəzarətə götürdü
Paylaş:
Ağdam rayonundan məcburi köçkün, hazırda Bakı şəhəri, Binəqədi rayonunda məcburi köçkünlər üçün inşa edilmiş “Gənclər şəhərciyi”ndə üçotaqlı mənzildə məskunlaşmış Rəhman Cəfərovun ailəsində yaranan çətinliklərlə bağlı bəzi kütləvi informasiya vasitələrində və internet resurslarında yayılmış müraciəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal nəzarətə götürülmüşdür.
İlk növbədə daha geniş məlumat almaq üçün 10 avqust 2020-ci il tarixində ailə ilə telefon əlaqəsi saxlanılmışdır. Bununla yanaşı ilkin ehtiyacları qarşılamaq üçün karantin rejiminin qaydalarına uyğun olaraq ailəyə səfər edilmiş və müvafiq maddi yardımlar göstərilmişdir.
Ailədəki vəziyyətin daha dərindən qiymətləndirilməsi üçün Dövlət Komitəsinin əməkdaşları 11 avqust 2020-ci il tarixində ikinci dəfə ailə başçısı ilə telefon əlaqəsi yaratmışlar.
Rəhman Cəfərov sosial şəbəkələrdə geniş yayılmış müraciətində qeyd etdiyi kimi ailəsinin bütünlükə infeksiyaya yoluxduğunu, bir qisminin hazırda müvafiq xəstəxanalarda müalicə olunduğunu, özünün isə karantində olması səbəbindən işləmədiyini və maddi vəziyyətlərinin ağırlaşdığını diqqətə çatdırmışdır.
Məlumat üçün bildiririk ki, hazırda ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq pandemiya dövründə həssas təbəqədən olan ailələrə dəstək məqsədilə həyata keçirilən sosial layihələr ümumilikdə 5 milyon əhalini əhatə etməkdədir.
Dövlət Komitəsi də öz səlahiyyətləri çərçivəsində, eyni zamanda qeyri-hökumət təşkilatları, könüllü ailələri bu prosesə cəlb etməklə həssas təbəqdən olan ailələrə dəstək göstərilməsini daim diqqətdə saxlamaqla yanaşı, ehtiyaclarının ödənilməsi üçün müvafiq qurumlara yönləndirilməsi işini davam etdirir.