Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Kollegiya iclası keçirildi

7 avqust 2020

Paylaş:

7 avqust 2020-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Kollegiyasının 2020-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş onlayn iclası keçirilib.

İclasda cari ilin yanvar-iyun ayı ərzində görülmüş işlər barədə məruzələr dinlənilib.

Komitə sədri Bahar Muradova iclası giriş sözü ilə açaraq, Azərbaycanda hazırki siyasi, iqtisadi və sosial vəziyyətin qısa təhlili və bu fonda ailə, qadın və uşaq məsələlərinin aktuallığı barədə danışaraq, Komitənin öz işini bu sahədə qarşıya qoyulmuş vəzifələrin həllinə uyğun həyata keçirdiyini diqqətə çatdırıb.  

B. Muradova koronavirusla mübarizə çərçivəsində görülən işlər və təxirəsalınmaz tədbirlər barədə danışaraq, Tovuz istiqamətində gərginlik zamanı da Komitənin öz səlahiyyətləri və imkanlarına müvafiq olaraq bu prosesə verdiyi töhfə, eləcə də bir sıra vacib sənədlərin və layihələrin hazırlanması, həmçinin Komitə və onun strukturuna daxil olan bölmələrin həssas təbəqədən olan vətəndaşlara və ailələrə yönəlik dəstək tədbirləri haqqında məlumat verdi.

O, Komitənin dövlət qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatları, eləcə də media ilə əməkdaşlığa önəm verdiyini qeyd edərək bu istiqamətdə işlərin səmərəliliyinin artırılmasının mühün əhəmiyyət kəsb etdiyini bildirib. Komitə sədri müvafiq sahələr üzrə dövlət proqramlarının və milli fəaliyyət planlarının icrası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin də həyata keçirilərək aidiyyəti qurumlara hesabatların təqdim edildiyini diqqətə çatdırıb.

Daha sonra Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva Komitənin cari ilin birinci yarısı üçün İş Planının icra vəziyyəti və 2020-ci ilin ikinci yarısı üçün İş Planı ilə bağlı məruzə ilə çıxış edərək bu dövr ərzində iş planında nəzərdə tutulan fəaliyyətlərin Komitənin aidiyyəti şöbələri tərəfindən COVİD-19 pandemiyası vəziyyətində xüsusi karantin dövrünün tələblərinə uyğun olaraq həyata keçirildiyini bildirib.

Komitənin 2020-ci ilin növbəti yarımilliyi üçün iş planında əks olunan fəaliyyətlərə uyğun tədbirləri qeyd edən aparat rəhbəri növbəti yarımildəAzərbaycan Ailəsi Strategiyasının hazırlanması, ailə və gender məsələləri üzrə araşdırmaların aparılması, bələdiyyələrdə gender bərabərliyi üzrə məsul şəxslər üçün təlimlərin keçirilməsi, uşaq müdafiəsi sahəsində tədbirlərin davam etdirilməsi və regionlarda Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyətlərini əks etdirən tədbirləri və digər məsələləri qeyd edib.

Komitənin sədr müavini Sədaqət Qəhrəmanova “Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlər və hazırlanan mühüm sənədlər haqqında məlumatları diqqətə çatdırıb. Ölkədə gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadın və kişilər üçün bərabər imkanların yaradılması istiqamətində görülən vacib işləri qeyd edən S. Qəhrəmanova “Azərbaycan Respublikasında Gender Bərabərliyi üzrə 2020-2024-cü illər üçün” Milli Fəaliyyət Planının, “Azərbaycan Respublikasında Qadın məşğulluğunun təminatı ilə bağlı 2021-2023-cü illər üçün” Milli Fəaliyyət Planının, “Qadınlar, Sülh və Təhlükəsizlik üzrə 1325 saylı Qətnaməsinin Azərbaycan Respublikasında Tətbiqinə dair 2020-2023-cü illər üçün” Milli Fəaliyyət Planının hazırlandığını da vurğulayıb.

Çıxış edən Komitənin sədr müavini Aynur Sofiyeva ailə və uşaq məsələləri istiqamətində həyata keçirilən tədbirlər və hazırlanmış sənədləri diqqətə çatdıraraq, Uşaq Strategiyasının 2020–2025-ci illərdə icrası üzrə fəaliyyət planı layihəsinin hazırlanaraq razılaşdırılması məqsədilə aidiyyəti qurumlara təqdim edilyini qeyd edib. O, eyni zamanda “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” haqqında məlumat verərək, sənədin icrasında operativlik və effektiv əlaqələndirmənin təmin edilməsi məqsədilə hazırda aidiyyəti qurumlarla birgə tədbirlər planının hazırlandığını vurğulayıb. Daha sonra A. Sofiyeva Komitənin araşdırma və təhlil üzrə İşçi Qrupunun fəaliyyəti haqqında məlumat verərək, müvafiq  istiqamətlər üzrə həyata keçirilməsi nəzərdə tutulan araşdırmaları diqqətə çatdırıb.

Daha sonra Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının struktur bölmələrinin əsasnamələrinin təsdiq edilməsi haqqında” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kollegiyasının 2018-ci il 09 iyul tarixli, 49-4 nömrəli Qərarında dəyişiklik edilməsi barədə məruzə ilə çıxış edib.

Gündəlikdə duran cari məsələ kimi Komitədə elektron sənəd dövriyyəsinin təmin edilməsi ilə bağlı çıxış edən İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Komitə daxilində elektron sənəd dövriyyəsinin yaradılması istiqamətində görülən işləri diqqətə çatdırıb.

İclas çərçivəsində uşaqların vəziyyəti ilə bağlı müəssisələrdə monitorinqlərin keçirilməsi, “Qadınlara qarşı  ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə” Konvensiyaya dair hesabatın təqdim edilməsi ilə bağlı qarşıda duran vəzifələrin yerinə yetirilməsi, ailə, qadın və uşaq məsələlərini əhatə edən spesifik  problemlər üzrə bir neçə araşdırmanın aparılması məsələləri qeyd edilib. Gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.

Komitə sədri Bahar Muradova yekun nitqi ilə çıxış edərək, Komitənin gələcək fəaliyyəti ilə bağlı müvafiq tapşırıqları diqqətə çatdırıb.

Sonda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyası tərəfindən kollegiya iclasının gündəliyindəki mövzular üzrə qərarlar qəbul edilmişdir.

Qeyd edək ki, onlayn iclasda Komitə nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin nümayəndələri də iştirak edib.