“Uşaq Səfirlər Məclisi” COVİD-19 pandemiyasının insan həyatına təhlükəsi ilə bağlı onlayn konfrans keçirib
Paylaş:
24 iyul 2020-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaq Səfirlər Məclisi” tərəfindən “COVİD-19 pandemiyasının insan həyatına törətdiyi əsas təhlükə və karantin müddətində asudə vaxtın səmərəli təşkili” mövzusunun müzakirəsi məqsədilə onlayn konfrans keçirilib.
Konfransda “Uşaq Səfirlər Məclisi”nin üzvləri və ölkənin müxtəlif (Şəki, Qax, İsmayıllı, Tovuz, Bərdə, Laçın, Astara, Salyan, İmişli) regionlarından olan uşaqlar iştirak edib.
Konfransı giriş sözü ilə açan Komitənin Uşaq problemləri şöbəsinin baş məsləhətçisi Könül Tağızadə əvvəlcə mövzunun aktuallığı haqqında məlumat verərək, pandemiya dövründə cəmiyyətin bütün üzvləri kimi uşaqların da koronavirus təhlükəsi haqqında məlumatlı olmasının, eyni zamanda karantin müddətində asudə vaxtın səmərəli təşkili ilə bağlı təklif və layihələrin müzakirə olunmasının zəruriliyindən bəhs edib.
İlk növbədə çıxış edən uşaqların hər biri yaşadığı rayon üzrə uşaq hüquqları, sağlam həyat tərzi, internet təhlükəsizliyi, ekologiyanın mühafizəsi istiqamətində həyata keçirdikləri maraqlı layihələr barədə məlumat verib, bu sahədə fəaliyyətlərindən bəhs edərək, fikir mübadiləsi aparıblar. Konfrans zamanı uşaqları daha çox maraqlandıran məsələlər kimi günümüzdə aktual olan yeni növ koronavirus (COVİD-19) pandemiyası şəraitində sağlamlığın qorunması, onlayn təhsil sistemindəki yeniliklər, fərdi inkişaf, asudə vaxtın səmərəli təşkilində həm maraqlı, həm də maarifləndirici fəaliyyətlərin təşkili, internetdən faydalı və təhlükəsiz istifadə, eləcə də uşaq hüquqları haqqında daha ətraflı məlumat əldə edilməsi, bu sahədə müxtəlif istiqamətlər üzrə rastlaşdıqları problemlərin həlli yolları müzakirə edilib, təkliflər səsləndirilib.
Konfrans çərçivəsində iştirakçılar vətənpərvərlik hisslərindən irəli gələrək iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat nəticəsində sərhədboyu mülki əhalinin yaşayış məntəqələrinin dəfələrlə atəşə tutulması, həm hərbi qulluqçular, həm də dinc əhali arasında ölüm və yaralanma hallarının baş verməsi, eyni zamanda ermənilərin dünyanın müxtəlif ölkələrində Azərbaycan əleyhinə kütləvi nümayişlər şəkilində həyata keçirdiyi təxribat siyasətindən bəhs ediblər. Tovuz rayonunu təmsil edən Aysel Hüseynova yaşanan bu hadisələr barədə öz təəssüratlarını bildirirək həmyaşıdları ilə bərabər gərgin psixoloji sarsıntı və həyəcan keçirdiyini ifadə edib. Öz həmyaşıdlarına çağırış edən uşaqlar internetin imkanlarından maksimum dərəcədə səmərəli istifadə edərək, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində vacib addımların atılması məsələsinə diqqət çəkiblər.
Konfransın yekununda uşaq hüquqları ilə bağlı müxtəlif problemlərin öyrənilməsi baxımından “Uşaq Səfirlər Məclisi”nin rolu qeyd edilərək regionlardan qatılmış iştirakçıların da uşaq səfirlərə dəstək vermələrinin və konfrans iştirakçıları olan uşaqlar arasında əlaqələrin daim inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Bütün regionların “Uşaq Səfirlər Məclisi”nin fəaliyyətində təmsil olunması məqsədilə regionlarda yaşayan uşaqlar Komitə tərəfindən elan olunacaq müsabiqələrdə aktiv iştiraka dəvət edilib.