Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatın müzakirəsi məqsədilə konfrans keçirildi
Paylaş:
21 iyul 2020-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı çağırışına cavab olaraq onlayn konfrans keçirilib.
Komitə sədri Bahar Muradova çıxış edərək, son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın hərbi təxribatı haqqında danışaraq bu hadisələrin Azərbaycana düşmən münasibəti sərgiləyən qonşu ölkənin təcavüzkar planlarının növbəti təzahürü kimi qiymətləndirib. O, qeyd edib ki, Ermənistanın beynəlxalq hüququn prinsiplərini pozaraq, beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara məhəl qoymadan törətdiyi növbəti təxribata layiqli cavab verilmiş, Azərbaycan Ordusu Ali Baş Komandan başda olmaqla bununla əlaqədar olaraq bütün lazımi addımları atmışdır.
Ermənistanın təxribatı nəticəsində hərbçilərimizin şəhid olması, mülki əhalinin atəşə tutulması və onların mülkiyyətinə ciddi ziyan vurulduğunu qeyd edən Komitə sədri bu hərəkətlərlə düşmən ölkənin növbəti dəfə beynəlxalq humanitar hüququn, Cenevrə Konvensiyasının müvafiq müddəalarını kobud şəkildə pozduğunu bildirib. Odur ki, beynəlxalq birlik bu dəfə də Ermənistanın təxribatçı hərəkətlərinə çox sərt mövqe nümayiş etdirməkdədir. Həmçinin, qəbul edilən bir çox beynəlxalq sənədlərdə artıq Ermənistanın təcavüzkar siyasəti açıq şəkildə göstərilir. Çünki artıq təcavüzü və təcavüzkarı müdafiə etmək mümkün deyildir.
Biz həm də bu günlərdə bütün dünya azərbaycanlılarının birliyinin və yenilməz gücünün şahidi olduq. Ali Baş Komandan və xalq arasında qarşılıqlı inam və güvən hamımıza qürur verir. Hər bir Azərbaycan vətəndaşı dövlətinə, onun ordusu və Ali Baş Komandanına yüksək dəstəyini ifadə edir. Bu birlik insanda qürur hissi yaratmaqla yanaşı, Azərbaycanın gücünü, mətanətini və qətiyyətini bir daha nümayiş etdirir. On minlərlə gənc öz doğma torpağını müdafiə etmək üçün könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edir və müvafiq formada qeydiyyata alınır. Soydaşlarımız tərəfindən ölkəmizdən kənarda da biz eyni münasibəti müşahidə etməkdəyik.
Ermənistan isə öz hərəkətləri ucbatından beynəlxalq aləmdə ciddi qınaq obyektinə çevrilib. Bütün bunlar imkan verir inamla söyləyək ki, biz bu hərbi, diplomatik və informasiya müharibəsində mütləq qalib gələcək və ərazilərimizi işğaldan azad edəcəyik.
B. Muradova bildirib ki, Ermənistanın törətdiyi hərbi təxribatlarla bağlı xalqa müraciət edən Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz çağırışında Azərbaycanın hər bir vətəndaşına üz tutaraq, siyasi mövqeyindən, etnik və dini mənsubiyyətdən asılı olmayaraq hər kəsin ölkəmizə yönəlmiş informasiya diversiyalarının qarşısını almaq üçün səfərbər olmasının vacibliyini qeyd etmişdir. Azərbaycanın mövqeyini qorumaq, ölkə başçısının yürütdüyü siyasətə dəstək vermək, baş vermiş hadisənin mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq hər bir vətəndaşın borcudur.
Bahar Muradova qeyd edib ki, bugün bütün soydaşlarımızla birgə həm ölkə daxilində, həm də ölkə xaricində cənab Prezident İlham Əliyevin qarşımıza qoyduğu hücum diplomatiyası çərçivəsində, eləcə də Birinci vitse-prezidentin çağırışlarına qoşularaq mövqeyimizi ortaya qoymalı, Azərbaycanın ədalətli mövqeyini müdafiə etməliyik.
Azərbaycan Respublikasının ilk Ombudsmanı, ictimai xadim, professor Elmira Süleymanova bildirib ki, biz hər birimiz Mehriban xanım Əliyevanın müraciətinə ürəklə səs veririk. Azərbaycan xalqının vahid qüvvə kimi birləşərək öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq gücünə malik olduğunu qeyd edən E.Süleymanova bu hadisələrin qələbə ilə bitəcəyinə inamını ifadə edib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynova çıxış edərək bu gün hər bir vətəndaşın, o cümlədən, qadınların ölkə başçısının ədalətli mövqeyini dəstəklədiyini, Birinci vitse-prezidentin müraciət və çağırışlarına həmrəy olduğunu bildirib: “Bu, dövlətlə xalqın, ordunun birlik və bərabərliyinin təcəssümüdür. Hər bir azərbaycanlı öz fəaliyyətindən irəli gələrək bu prosesin tərkib hissəsi olmalıdır. Təmsil olunduğumuz bütün beynəlxalq tədbirlərdə, iştirak etdiyimiz görüş və tədbirlərdə hər zaman Qarabağla bağlı həqiqətləri çatdırmalı, Ermənistanın işğalçılıq siyasətini sübut etməliyik”.
Sosial şəbəkələrdə ayrı-ayrı şəxsləri, tanınmış ziyalı və siyasətçiləri millətin gözündən salmaq üçün mənəviyyatsız videoların yayıldığını qeyd edən millət vəkili Məlahət İbrahimqızı arxivdə qalacaq bu yalan informasiyaları gələcəkdə oxuyacaq nəsildə pis təəssüratın yaradacağını vurğulayıb. Bu səbəbdən də milli-mənəvi dəyərlərimizi qorumağın vacibliyinə əsaslanaraq qadın ictimaiyyəti kimi qanunvericilikdə sərt qadağaların müəyyən olunmasına çalışmalı, xalqın dəyəri insanları haqqında çirkin məlumatlar və videolar “arxivi”nin yaranmasının qarşısını almalıyıq.
Daha sonra çıxış edən millət vəkilləri Jalə Əliyeva, Fatma Yıldırım, Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini Fidumə Hüseynova, AMEA Fəlsəfə İnstitutu “Müasir Siyasətin fəlsəfəsi” şöbəsinin müdiri, professor Rəna Mirzəzadə, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı, Milli Qəhrəman Gültəkin Əsgərovanın qızı Əminə Axundova, yazıçı jurnalist Zemfira Məhərrəmli Birinci vitse-prezidentin çağırışını dəstəkləyərək, xalqımızın birlik, həmrəylik nümayiş etdirərək, hər bir fərdin bu mübarizəyə qoşulmasının əhəmiyyətini və sosial şəbəkələrdə yayılan yalan məlumatlara uymamağın vacibliyini qeyd ediblər.
Diqqətə çatdırılıb ki, bu gün hamımız üçün vətən uğrunda mübarizə aparmaqdan vacib heç nə ola bilməz! Hər birimiz dövlətimizin yanında olmalı, onun Ermənistanın təcavüzkar siyasətinə qarşı apardığı haqq işinə dəstək olmalıyıq. Siyasi əqidəsindən, milliyyətindən, cinsindən, dinindən asılı olmayaraq Vətən maraqları qorunmalı, yumruğumuz bir yerə vurmalıdır! Azərbaycan torpağının hər qarışını müdafiə etmək üçün bir olmalıyıq!
Tədbirdə millət vəkili Aqiyə Naxçıvanlı, Komitəninin sədr müavini Sədaqət Qəhrəmanova və Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva da iştirak edib.
Qeyd edək ki, yaşanan bu hadisələrdən dərhal sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin azərbaycan, ingilis və rus dillərində Bəyanatı hazırlanmış və sosial şəbəkələrdə, eləcə də kütləvi informasiya vasitələrində yayımlanmışdır.