Məişət zorakılığından zərər çəkmiş qadınların hüquqlarının müdafiəsi zamanı yaranan problemlərin həllinə dəstək məqsədilə onlayn görüş keçirildi

14 iyul 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 14 iyul 2020-ci il tarixində "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilmiş məişət zorakılığından zərər çəkmiş qadınların hüquqlarının müdafiəsi zamanı yaranan problemlərin həllinə dəstək məqsədilə onlayn görüş keçirilib.

Komitənin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Daxili İşlər Nazirliyinin Baş istintaq və təhqiqat idarəsinin rəis müavini Vüqar Tağıyev, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova və digərlərinin iştirak etdiyi görüşdə məişət zorakılığından zərərçəkən şəxslərin hüquqlarının müdafiəsi sahəsində qanunvericilikdə mövcud olan təminatlar və bu təminatların təcrübədə həyata keçirilməsi vəziyyəti müzakirə edilib. Daxili İşlər Nazirliyinin məsul şəxsi sığınacağa yerləşdirilmiş qadınların problemlərini dinləyərək, səsləndirilən məsələlərin nəzərətə götürüləcəyini bildirib.

Komitə məişət zorakılığından zərər çəkmiş şəxslərin aidiyyəti dövlət orqanlarının məsul şəxsləri ilə onlayn şəkildə görüşlərinin təşkilini gələcəkdə davam etdirməyi nəzərdə tutmuşdur.