Avropa Şurasının Uşaq Hüquqları üzrə Daimi Komitəsinin onlayn görüşü keçirildi

29 iyun 2020

Paylaş:

26 iyun 2020-ci il tarixində Avropa Şurasının Uşaq Hüquqları üzrə Daimi Komitəsinin (CDENF) üzv ölkələrdən ibarət ekspertlərinin iştirakı ilə video konfrans formatında görüşü keçirilib.

Görüş zamanı ölkələrdə pandemiyaya uyğunlaşmaq və onu idarə etmək üçün bu müddət ərzində qazanılan təcrübələr və əldə edilən biliklər, uşaqların rifahı və uşaq dostu məlumatlarının təminatlılığı baxımından COVID-19 pandemiyasına cavab planlarında inteqrasiyanın adekvatlığı və təhlükəsizliyi məsələləri müzakirə olunub.

Pandemiya kimi fövqəladə vəziyyətlərdə uşaqların müdafiəsinin effektivliyinin təmin edilməsi, hesabat və müraciət formalarının qorunması və gücləndirilməsi, işin effektiv idarə olunmasının təmin edilməsi, uşaqlara qarşı zorakılığın qarşısının alınması və nəzarət tədbirlərinin görülməsi kimi məsələlər də görüş zamanı müzakirə edilib.

Görüşdə iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva çıxış edərək, Azərbaycanda dövlət tərəfindən COVID-19 pandemiyası dövründə həyata keçirilən sosial dəstək proqramları barədə məlumat verib və dövlətin həyata keçirdiyi tədbirlərin xüsusilə həssas təbəqədən olan uşaqları və ailələri əhatə etdiyini qeyd edib. Bu yaxınlarda ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2020-2030-cu illər üçün hazırlanan “Milli Uşaq Strategiyası”nın qəbul edildiyi və hazırda strategiya üzrə tədbirlər planının hazırlandığını vurğulayan C. Rəhmətullayeva bu strategiyanın hazırlanmasında Avropa Şurasına üzv ölkələr tərəfindən qəbul edilən “2016-2021- ci illər üzrə Uşaq Hüquqları Strategiyası”nda nəzərdə tutulan prioritet istiqamətlərin də əsas götürüldüyünü bildirib.

Hazırda bütün Avropa üçün uşaq hüquqları sahəsində ciddi problemə çevrilən internet təhlükəsizliyi və uşaqların distant təhsilə bərabər və təhlükəsiz çıxışının vacib olduğunu qeyd edən C. Rəhmətullayeva üzv ölkələrin bu sahədə daha ciddi addımlar atmalı olduqlarını və qlobal internet təhlükəsizlik sisteminin təkmilləşdirilməsi və yeni internet təhlükəsizliyi proqramlarının hazırlanmasının vacibliyini diqqətə çatdırıb.

Qeyd edək ki, görüşdən əvvəl Avropa Şurasının üzvü olan ölkələr tərəfindən COVİD-19 pandemiyası dövründə uşaq hüquqlarını əhatə edən konkret sahələr üzrə daha çox diqqət yetirilməli olan məsələlərlə bağlı ölkələrin təklifləri və bu sahədə atılan addımları əhatə edən məlumatlar Avropa Şurasının müvafiq Komitəsinə təqdim edilib. Uşaqlar üçün bərabər imkanlar; bütün uşaqların iştirakı; uşaqlar üçün zorakılıqsız həyat; rəqəmsal mühitdə bütün uşaqların hüquqlarının qorunması və yuvenal ədliyyə kimi əsas bölmələri əhatə edən məlumat və təkliflər Avropa Şurasının Uşaq Hüquqları üzrə Daimi Komitəsi tərəfindən elektron formada dərc olunaraq ölkələrə göndərilmişdir. Elektron nəşrdə Azərbaycan tərəfindən COVID-19 pandemiyası ilə mübarizə dövründə bu sahələrdə həyata keçirilən təcili tədbirlər və bundan sonra bütün Avropada uşaqlarla bağlı nəzərə alınmalı məsələlərlə bağlı təkliflər də öz əksini tapmışdır.

Steering Committee for the Rights of the Child / Compilation of replies / Compilation des réponses