"Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilib

24 iyun 2020

Paylaş:

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilmişdir.

“Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununun tətbiqi və “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 697 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 629 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasının təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilmişdir. Sənədin layihəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyatı dövlət orqanları ilə razılaşdırmaqla hazırlanmışdır.

Belə ki, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununa əsasən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununa 9.3-cü maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən gənclər arasında, ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır.

Qaydada gənclər arasındaerkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, maarifləndirməni həyata keçirən dövlət qurumlarının dairəsi və onların funksiyaları  müəyyən edilmişdir.

İlk dəfə olaraq məhz bu sənəddə “erkən nikah”, “qohumlar arasında nikah” və “erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri ” anlayışlarının izahı verilmişdir. Belə ki, AR Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən edilmişdir. Üzürlü səbəblər olduqda nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilər. Qaydada erkən nikah - 18 yaşadəkşəxslə bağlanmış nikah hesab edilir. Qohumlar arasında nikah dedikdə isə baba və (və ya) nənəsiümumi olan şəxslər arasında bağlanmış nikah nəzərdə tutulur.

Erkən nikah və qohumlar arasında nikah halları Azərbaycanda aktual ailə problemlərindən biridir. Bu halların baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə və nəticədə   sosail cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.

Ölkədə 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub. Həmin dövrdə belə qızların sayı5138 idisə, qanunvericillikdə qızlar üçün minimal nikah yaşının 17-dən 18-ə qaldırılması, habelə qadını nikaha məcbur etməyə görə cinayət məsuliyyətinin müəyyən edilməsi və maariflənmə işlərinin nəticəsində 2012-ci ildən bu  göstəricinin azalması müşahidə olunur. Belə ki, 2018-ci ildə bu rəqəm 338olub. Eyni zamanda, 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı da 2011-ci ildə 4392 idisə, 2018-ci ildə bu rəqəm azalaraq 2129 olub. Qohumlar arasında  nikahlarla bağlı statistika mövcud deyildir.

Təsdiq edilmiş Qərarın 2-ci hissəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə 18 yaşadək (erkən nikah) və yaşı 18-dən 29-dək olan gənclərin nikaha, o cümlədən müvafiq ərizələrindəki məlumatlara əsasən qohum hesab edilən şəxslər arasında nikaha daxil olması və bu gənclər arasında bağlanmış nikahın pozulması hallarının statistikasının illər üzrə aparılmasını təmin etmək üçün müvafiq tədbirlər görülməsi tapşırılmışdır.

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”aidiyyəti dövlət orqanları tərəfindən gənclərin erkən nikahların və qohumlar arasında nikahların mənfi nəticələri barədə maarifləndirilməsi işinin daha məqsədyönlü şəkildə aparılmasına imkan verəcəkdir.

Sənəddə maarifləndirməni həyata keçirən dövlət orqanlarına müvafiq sahədə gördükləri tədbirlər barədə məlumatların hər ilin 20 dekabr tarixinədək Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etməklə özlərinin rəsmi informasiya ehtiyatlarında yerləşdirilməsi həvalə edilmişdir. Dövlət Komitəsiisə öz növbəsində orqanlardan daxil olan məlumatları ümumiləşdirib hər növbəti ilin yanvar ayının sonunadək özünün rəsmi internet saytında dərc etməli və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Qaydanın 1.3-cü bəndinə əsasən gənclər arasında maarifləndirməni yerli özünüidarəetmə orqanları, kütləvi informasiya vasitələri, televiziya və radio yayımçıları, qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər də həyata keçirə bilərlər.

Dövlət Komitəsi yeni təsdiq edilmiş Qaydadan irəli gələrək həyata keçiriləcək tədbirlərin effektivliyini artırmaq məqsədilə cəmiyyətin bütün üzvlərini öz səylərini birləşdirməyə dəvət edir.