Valideynləri uşaqlarına qarşı daha məsuliyyətli və diqqətli olmağa çağırırıq

24 iyun 2020

Paylaş:

İstirahət mövzümünün başlaması ilə əlaqədar uşaqların asudə vaxtlarını keçirmələri nəzərə alınaraq, valideynlərdən uşaqlarına qarşı daha diqqətli olmaq tələb olunur. Xüsusən də pandemiyanın geniş yayıldığı vaxtda, elan edilmiş karantin günlərində uşaqlara nəzarət məsələsi daha aktualdır.

Valideyn məsuliyyəti və uşaqlara diqqət mövzusunda mütəmadi olaraq maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, təəssüflər olsun ki, valideyn məsuliyyətsizliyinin qurbanı olan uşaqlar barədə yayılan üzücü xəbərlər ictimaiyyəti tez-tez narahat edir.

Son günlərdə valideynləri tərəfindən nəzarətsiz  qalan uşaqların sahildən uzaqda batma təhlükəsindən çox çətinliklə xilas olması və nəticədə isə xilaskarın özünün dənizdə bataraq həlak olması xəbəri hər kəsi sarsıtdı. 

Uşaqlar cəmiyyətin həssas təbəqəsi olaraq daima diqqət və qayğıya ehtiyac duyur. Hər bir valideyn məsuliyyətini anlamalı və öz üzərinə düşən valideynlik vəzifələrini layiqincə yerinə yetirməlidir. Ölkəmizin Konstitusiyasında da vurğulandığı kimi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək, ilk növbədə, valideynlərin borcudur. Təəssüflər olsun ki, bəzən valideynlik vəzifələrinin yerinə yetirilməməsi, valideynlik hüquqlarından sui-istifadə, etinasızlıq, laqeydlik kimi hallar baş verir. Nəzərə alınmalıdır ki, hüquq-mühafizə orqanları tərəfindən bu kimi hallar araşdırılaraq, onlara lazımi hüquqi qiymət verilir və təqsirli bilinən şəxslər məsuliyyətə cəlb olunur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir daha valideynlərə müraciət edərək, onları daha məsuliyyətli olmağa, öz övladlarına qarşı nəzarəti gücləndirməyə çağırır.