Komitə sədri Bahar Muradova BMT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri, Rezident Əlaqələndirici Qulam İsaqzai ilə görüşüb
Paylaş:
18 iyun 2020-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın BMT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri, Rezident Əlaqələndirici Qulam İsaqzai ilə onlayn görüşü keçirilib.
Onlayn görüş çərçivəsində BMT-nin Azərbaycan Hökuməti ilə əməkdaşlığı, onun müvafiq qurumları ilə Komitənin birgə fəaliyyəti, BMT-nin Dayanıqlı İnkişaf üzrə Çərçivə Sənədinin gender komponetinin, “Qadın məşğulluğunun təminatı ilə bağlı Milli Fəaliyyət Planı”na dəstəyin göstərilməsi və icrasına dair, o cümlədən, COVID-19 ilə bağlı yaranan mövcud vəziyyət, bununla bağlı görülən tədbirlər və digər məsələlər müzakirə olunub.
Qulam İsaqzai ilk növbədə B.Muradovanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin olunması münasibətilə təbrik edib.
O, çıxışı zamanı keçən ilin ortalarından başlayaraq dövlət qurumları, vətəndaş cəmiyyəti və digər tərəfdaşlar tərəfindən aparılan görüş və müzakirələrin nəticəsində artıq BMT- Azərbaycan Çərçivə Sənədinin yekunlaşmaq üzrə olduğunu bildirib. Qeyd edilib ki, 2021-2025-ci illəri əhatə edən bu sənədin əsas komponenti Dayanıqlı İnkişaf Məqsədləri daxilində gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsidir.
Komitə sədri Bahar Muradova BMT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri, Rezident Əlaqələndirici Qulam İsaqzaiyə təbrikə görə öz minnətdarlığını bildirib.
O, beynəlxalq təşkilatlar, eləcə də qeyri-hökumət təşkilatları ilə səmərəli əməkdaşlığın davam etdirilməsinin önəmini qeyd edərək, bu əməkdaşlığın daha da gücləndirilməsi və müsbət təcrübə mübadiləsinin aparılmasının bu istiqamətdə fəaliyyətin genişləndirilməsinə imkan yaradacağını diqqətə çatdırıb.
B. Muradova eyni zamanda, Dayanıqlı İnkişaf üzrə BMT-Azərbaycan Çərçivə Sənədindən irəli gələn və yeni dövrün tələblərinə uyğun vəzifələrin həyata keçirilməsində Komitənin əməkdaşlığa hazır olduğunu bildirib.
B.Muradova bu il Komitə tərəfindən ilk dəfə olaraq “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Milli Məclisə hesabat verəcəyini qeyd edib.
Azərbaycan Respublikasında “Qadın məşğulluğunun təminatı ilə bağlı 2021-2023-cü illəri əhatə edən” Fəaliyyət Planını diqqətə çatdıran Komitə sədri hazırda müəyyən təhlillər aparıldığını və bir sıra yeni fəaliyyət mexanizmlərinin yaranması istiqamətində sənədlərin hazırlandığını diqqətə çatdırıb.
Qadınların əmək bazarına çıxış imkanlarının artırılması, qadınlar arasında sahibkarlığın və özünüməşğulluğun inkişaf etdirilməsi, işsiz və işaxtaran qadınların peşə hazırlığının təmin edilməsinə kömək edən xüsusi tədbirlərin həyata keçirilməsini, eləcə də mövcud qanunvericiliyə dəyişikliyin edilməsi məsələrinin əhəmiyyətli olduğunu qeyd edən Komitə sədri bütün bunların DİM-lərdə də öz əksini tapdığını vurğulayıb.
Görüş çərçivəsində COVİD-19 pandemiyası dövründə dünyada qadın və uşaqlara qarşı baş verən zorakılıq halları, həmçinin, gender əsaslı zorakılıq ilə bağlı görülən işlər və gələcəkdə həyat keçirilməsi mühüm olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, BMT-nin Rezident Əlaqələndiricinin Ofisinin rəhbəri Tarek Çeniti, BMT-nin Rezident Əlaqələndiricinin Ofisinin Əlaqələr və İnkişaf üzrə müşaviri Şəms Mustafayeva, BMT-nin Əhali Fondunun Azərbaycan Ofisinin rəhbəri Fərid Babayev, BMT-nin Əhali Fondunun Azərbaycan Ofisinin Gender məsələləri üzrə analitiki Bəhicə Əliyeva iştirak ediblər.