Komitə sədri Bahar Muradova Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

17 iyun 2020

Paylaş:

17 iyun 2020-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Ajmone Sessera ilə onlayn görüşü keçirilib.

Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavinləri Sədaqət Qəhrəmanova və Aynur Sofiyeva, BQXK-nın Müdafiə İşləri üzrə Koordinatoru Emanuela Bertingi, Ailə əlaqələrinin bərpası üzrə məsul şəxs Turana Bağırova və Komitənin bir qrup əməkdaşı iştirak edib.

Onlayn görüş çərçivəsində BQXK-nın münaqişə zonalarında olan Azərbaycan vətəndaşlarının işləri ilə bağlı həyata keçirdiyi fəaliyyətlər və BQXK-nın Azərbaycan Respublikası Hökuməti və Komitə ilə əməkdaşlığı, COVID-19 ilə bağlı cavab tədbirləri və digər məsələlər müzakirə olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qonaqları salamlayaraq, BQXK ilə olan ikitərəfli və faydalı əməkdaşlığı yüksək qiymətləndirərək, birgə həyata keçirilən layihələrin önəmini qeyd edib. O, azərbaycanlı uşaqların münaqişə zonalarından ölkəmizə gətirilməsinin vacibliyini vurğulayaraq, bu işdə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib. B.Muradova qeyd edib ki, münaqişələrin baş verdiyi bu kimi ölkələrdə yaşayan ailələrdə doğulan uşaqlar həyatlarının ağır dönəmlərini yaşayırlar: “Müharibələr itkilər və dağıntılar deməkdir. Bu fəlakətlərin mərkəzində daha çox uşaq və qadınların olması dözülməzdir. Bu istiqamətdə BQXK bütün tərəfdaşları ilə birlikdə çox səmərəli fəaliyyət göstərmişdir. Azərbaycan hökuməti  BQXK-nın bütün dünyada müharibələrdən əziyyət çəkən uşaqların vəziyyətlərinin yaxşılaşdırılması istiqamətindəki təşəbbüslərini alqışlayaraq, müvafiq dəstəyi vermişdir.”

Bahar Muradova diqqətə çatdırıb ki, ölkəmizə gətirilən azərbaycanlı uşaqların cəmiyyətə reinteqrasiyası, uşaqların səhiyyə və təhsil xidmətlərinə cəlb edilməsi, sosial və psixoloji realibitasiyası istiqamətində bu günə kimi aparılan işlər təqdirəlayiqdir. Ötən dövr ərzində dövlət qurumlarından ibarət işçi qrupu tərəfindən uşaqların təhlükəsizliyi təmin edilmiş və hüquqlarının müdafiəsi istiqamətində müvafiq xidmətlər göstərilmişdir. Komitə əməkdaşları da bu işə cəlb edilərək, öz səlahiyyətləri çərçivəsində uşaqların psixoloji və sosial xidmətlərlə təmin edilməsi istiqamətində fəaliyyət göstərmişlər: “Bu proses bu gün də davam etməkdədir. Komitə nümayəndələri hazırki çətin dönəmdə - Pandemiya dövründə daim ailələrin yanında olmuş, psixoloq və sosial işçilər davamlı olaraq bu ailələr və uşaqlarla əlaqə saxlayaraq, onların ehtiyaclarının müəyyən edilməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər.”

Daha sonra çıxış edən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Ajmone Sessera münaqişə bölgələrində olan azərbaycanlı uşaqların ölkəyə qaytarılması istiqamətində görülən işlərə görə Azərbaycan dövlətinə və Komitəyə təşəkkürünü bildirib və göstərilən hər bir dəstəyin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. E.Sessera bu sahədə son illər ərzində görülmüş işlər, baş vermiş irəliləyişlər və cari dinamika haqqında məlumatları diqqətə çatdırıb. O, humanitar və sosial ehtiyacları qeyd edərək, bu qəbildən olan ailələrin cəmiyyətə inteqrasiyası, ailə əlaqələrinin bərpası, sosial və psixoloji dəstək, təhsil və səhiyyə xidmətlərinə çıxış imkanları sahəsində görülən işlər haqqında danışıb.

Görüş çərçivəsində münaqişələrdən əziyyət çəkən uşaqlarla bağlı görülən işlərin bundan sonra da davam etdirilməsi və bu istiqamətdə yeni layihələrin və tədbirlərin görülməsi istiqamətində fikir mübadiləsi aparılıb.