Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidenti Məsumə Ebtekar arasında onlayn görüş keçirilib

16 iyun 2020

Paylaş:

16 iyun 2020-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidenti Məsumə Ebtekar arasında “skype” vasitəsilə görüş keçirilib.

İlk olaraq Bahar Muradova Azərbaycan və İran İslam Respublikası arasındakı münasibətlərin hər zaman qarşılıqlı faydalı əməkdaşlığa və möhkəm dostluğa əsaslandığını, ölkələrimizin və xalqlarımızın mənafeyinə xidmət etdiyini vurğulayıb.

Daha sonra Komitə sədri Azərbaycanda qadınların dövlət idarəçiliyində təmsilçiliyinə böyük önəm verildiyini, onların dövlət və cəmiyyət həyatına verdikləri töhfələrin çox yüksək dəyərləndirildiyini bildirib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahəyə çox böyük diqqət yetirdiyini qeyd edərək əlavə edib ki, qadınların yüksək vəzifələrdə təmsil olunması onların dövlət və ictimai həyatda iştirakçılığının artırılmasına şərait yaradır.

Görüşdə pandemiya dövründə Komitə tərəfindən həssas qruplardan olan ailələrlə aparılan sosial-psixoloji iş və maddi yardımların göstərilməsinə dair fəaliyyət haqqında məlumat verilib. Komitə sədri həmçinin qeyd edib ki, bu müddət ərzində ölkə Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün strategiyası”nı təsdiq edib.

23 fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrası ilə bağlı məsələlər də görüşdə müzakirə edilib.

İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidenti Məsumə Ebtekar sıx əməkdaşlığa görə öz minnətdarlığını ifadə etməklə, birgə fəaliyyət nəticəsində görülmüş işlərin əhəmiyyətini vurğulayıb. Rəhbərlik etdiyi sahədə əldə edilən müsbət təcrübələr haqqında ətraflı məlumat verərək bu barədə azərbaycanlı həmkarları ilə bölüşmək niyyətini də açıqlayıb.

Həmçinin COVİD-19 pandemiyası ilə əlaqədar, hər iki dövlət tərəfindən görülmüş işlərlə bağlı fikirlərini bölüşən xanım Ebtekar Azərbaycanın COVİD-19 ilə bağlı atdığı addımların vacibliyinə toxunaraq, digər ölkələrlə yanaşı onun ölkəsinə də maddi yardım göstərdiyini minnətdarlıq hissi ilə qeyd edib.

Söhbət zamanı Bahar Muradova Azərbaycanın koronavirus pandemiyası ilə mübarizədə uğurlu fəaliyyət göstərən ölkələr siyahısında olduğunu qeyd etməklə fəaliyyətimizin ilk növbədə insanların qorunmasına yönəldiyini vurğulayıb.

Həmçinin bildirilib ki, karantin rejiminin tətbiqi səbəbindən bütün dünyada olduğu kimi ölkələrimizdə də ailədaxili zorakılıq hallarının artması faktı nəzərə alınaraq risk qrupundan olan ailələrlə iş gücləndirilib. Eyni zamanda qeyd olunub ki, pandemiya dövrü ailədaxili münasibətlərə müsbət təsirini də göstərmişdir.

Görüş çərçivəsində məişət zorakılığının, qadın və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması, bütün sahələrdə gender bərabərliyinin təmin edilməsi, qadınların iqtisadi cəhətdən gücləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.