Uşaq Səfirlər Məclisi üzvlərinin Azərbaycan uşaqları adından dünya ictimaiyyətinə müraciəti
Paylaş:
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə onlayn konfrans keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın konfransda uşaqlara ünvanladığı tövsiyələrin, eləcə də uşaqların qeyd etdikləri fikirlərin nəticəsi olaraq, "Uşaq Səfirlər Məclisi"-nin üzvləri adından dünya ictimaiyyətinə müraciət hazırlanıb. Həmin müraciəti sizə təqdim edirik.
Uşaq Səfirlər Məclisi üzvlərinin Azərbaycan uşaqları adından dünya ictimaiyyətinə müraciəti
Sevgi, həmrəylik və sülh dolu bir DÜNYA – bu mümkündür!
Uşaqlar insanlığın ən kövrək və həssas varlıqlarıdır. Onlar bugünün sabahı, sabahın ümidləridir. Onların dünyaya gəlmək, təhlükəsiz yaşamaq, sağlam ailə və sosial mühitdə böyümək hüquqları var.
Bu məsələlərə dünya dövlətlərinin və cəmiyyətlərin diqqətini yönəltmək məqsədilə artıq 70 ildir ki, 1 İyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü kimi qeyd edilir. Hər il bu hüquqlar barədə ən yüksək tribunalardan çağırışlar səslənir, uşaqlar üçün müxtəlif səviyyəli tədbirlər keçirilir, maraqlı əyləncələr təşkil edilir.
Bəs bunun nəticəsində dünyanın bütün uşaqları gələcəyə eyni arzularla baxa bilirmi? Yer planetinin hər bir balaca sakini ailəsi ilə keçirdiyi gözəl bir günün təəssüratı ilə isti yatağında yuxuya gedə bilirmi? Bu gün hər uşağınmı arzusu yalnız oyuncaqdır?
Susuruq, bu sualların hər birini cavablandırmaq mümkünsüzdür. Çünki 70 ildir ki, dünya uşaq hüquqlarından danışdıqca minlərlə uşaq minaların, silahların səsinə oyanır, öz evində, yaxud küçədə güllələnir, əlində oyuncaq əvəzinə silah gəzdirir, evsiz, ailəsiz, yarı ac, pərişan halda sərgərdan həyat sürür. Suriya, Liviya, Yəmən, Əfqanıstan... Dünyanın haqq-ədalət anlayışının fərqli məna kəsb etdiyi ərazilərə çevrilməkdədir.
Təəssüflər olsun ki, Azərbaycanda da bir qisim uşaqlar Ermənistanın Azərbaycana təcavüzü nəticəsində eyni təhlükələrlə üz-üzə qalmış, ev-eşiklərindən didərgin düşmüş, doğma torpaqlarında azad və sərbəst yaşamaq üçün bütün hüquqları pozulmuşdur.
Qarabağ müharibəsi dövründə 175 uşaq faciəli şəkildə həyatını itirmiş, yüzlərlə uşaq yaralanmış, 66 uşaq itkin düşmüş, 29 uşaq isə girovluqdadır. Atəşkəs dönəmində 34 uşaq erməni terrorunun qurbanı olmuş, onlardan 14-ü həlak olmuş, 20-si isə yaralanmışdır. Ümumilikdə, bu illər ərzində 350 minə yaxın uşaq ədalətsiz müharibədən zərər çəkmişdir.
Bu gün bütün dünyanın insan və uşaq hüquqlarının müdafiəsini ali məqsəd kimi qəbul etməsinə baxmayaraq, Ermənistan dünyada sülhə, bəşəri dəyərlərə zidd siyasət yeritməkdə davam edir.
Biz Azərbaycan Uşaq Səfirlər Məclisinin üzvləri olaraq dünya dövlətlərinin rəsmilərinə, beynəlxalq təşkilatlara səslənirik! Uşaq hüquqlarını kobud şəkildə pozan, onlara qarşı zorakılıq, təcavüz, qətliam törədən dövlətlərlə diplomatik münasibətlər qurmayın, iki və çoxtərəfli müqavilələr imzalamayın, təcavüzkar siyasət yeridən dövlət başçıları ilə bir masada əyləşməyin!
Biz Azərbaycan uşaqları olaraq dünyada yaşayan həmyaşıdlarımıza müraciət edirik! Gəlin biliyimiz və potensialımızla bütün dünyada sülhün bərqərar olmasına birgə töhfə verək! Hədəfimiz inkişaf və humanist ideyalar olsun!
Nəhayət, biz bu gün Azərbaycan uşaqları, gəncliyi olaraq bütün İNSANLARA səslənirik! Bu dünya hamımızın evidir və onun hər bir sakini sülh, əmin-amanlıq şəraitində yaşamaq haqqına sahibdir.
Gəlin həmrəylik, sevgi dolu bir DÜNYA üçün birləşək!
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günümüz mübarək olsun!