Komitə uşaq və gənclərin uğurlu ixtisas və peşə seçimi mövzusunda onlayn müzakirə keçirib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların öz bilik və bacarıqlarının artırılması, inkişaf etdirilməsi, eləcə də onların öz maraqlarına uyğun sahələrə yönəldilməsinə böyük əhəmiyyət verir.
Ali məktəbə hazırlaşan uşaqlar bəzən öz ixtisas seçimlərində çətinlik çəkir, onların ixtisas və peşə seçimlərinə valideynlər və yaxın qohumlar tərəfindən təsirlər olur. Uşaq və gənclərin uğurlu ixtisas və seçimlərində nələrə diqqət etməliyik və onları necə yönləndirməliyik?
Mövzunun aktuallığını, uşaq və gənclər üçün faydasını nəzərə alaraq 15 aprel 2020-ci il tarixində “Uşaq və gənclərin uğurlu ixtisas və peşə seçimi” mövzusunda onlayn müzakirə təşkil edilib. Komitənin rəsmi “facebook” səhifəsində canlı yayımlanan onlayn müzakirədə BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ADA Universitetinin professoru Gülməmməd Məmmədov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Fərid Ədilov iştirak edib.
Onlayn müzakirə izləyicilər tərəfindən xüsusi maraqla qarşılanıb, xüsusilə uşaq və valideynlər tərəfindən onları maraqlandıran çoxsaylı suallar verilib. Sualların bir qismi qonaqlar tərəfindən canlı yayım zamanı cavablandırılıb, onlara tövsiyələr verilib.