Komitə tərəfindən koronavirusdan əziyyət çəkən uşaqlara növbəti dəstək

13 aprel 2020

Paylaş:

Hazırda davam edən koronavirus pandemiyası və bununla əlaqədar ölkədə elan olunan xüsusi karantin rejimi qaydalarına uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bir sıra tədbirlər görülməkdədir.

Bu istiqamətdə növbəti sosial layihə olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində ölkədə karantin xəstəxanalarında koronavirusdan müalicə alan uşaqlara dəstək məqsədilə "kitab hədiyyəsi" aksiyasına başlanılmışdır.

Ölkəmizdə fəaliyyət göstərən uşaq kitabxanaları, uşaq nəşriyyatları və uşaq yazarlarının böyük marağına səbəb olan aksiyaya ilk olaraq Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası, Bakı Uşaq Nəşriyyatı, Gəncliyə Yardım Fondu, uşaq yazıçısı Mehriban Nağıyeva dəstək vermişlər. Qısa müddət ərzində 300-ə yaxın kitab toplanmışdır.

Aksiyanın təşkilində məqsəd koronavirusdan müalicə alan uşaqların təcrid şəraitində vaxtını səmərəli keçirmələrinə yardım etmək, onların davamlı mütaliəyə həvəsini artırmaqla inkişafına kömək etmək, eləcə də mənəvi və psixoloji dəstək verməkdir.