Komitə “Ailədən ailəyə” adlı dəstək kampaniyasına başlayıb
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində keçirdiyi müvafiq fəaliyyətlərin davamı olaraq, sosial təcrid vəziyyətində həssas təbəqədən olan ailələrə kömək məqsədi ilə “Ailədən ailəyə” dəstək kampaniyasına başlayıb.
İctimai həmrəyliyin, mərhəmətin və xeyirxahlıq ənənələrinin təzahürü olan “Ailədən ailəyə” aksiyası icmada insanlar arasında münasibətlərin, bir-birilərinə diqqət və qayğı kimi müsbət davranışların möhkəmləndirilməsinə xidmət edir.
Kampaniya Komitə nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzinin yerləşdiyi rayonlar (Bakı şəhəri üzrə, Ağdam, Göygöl, Goranboy, Qəbələ, İsmayıllı, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab və Zaqatala) və onlara yaxın bölgələrdə keçirilir. Bir neçə gün ərzində yardımsevər ailələrin və könüllülərin dəstəyi ilə layihə çərçivəsində qeyd olunan və ətraf rayonlarda ehtiyacı olan ailələrə ərzaq yardımı edilib, eləcə də dərman preparatları paylanılıb.
Koronavirus pandemiyasının dünyada sürətlə yayılaraq qlobal təhlükə halını aldığı çətin bir vaxtda ölkəmizdə sosial-psixoloji atmosferin tənzimlənməsi, maddi və mənəvi rifahın qorunması sahəsində Azərbaycan ailələrinin hər zaman mövcud olan ən gözəl adətlərimizə,o cümlədən milli, mənəvi dəyərlərimizə sadiqliyi və bu gün nümayiş etdirdiyi hər kəsə örnək ola biləcək həmrəyliyi böyük rol oynamışdır.
Əziz həmvətənlərimiz, hörmətli bacılar və qardaşlar!
Bu gün gücləri birləşdirmək və birlikdə addımlamaq zamanıdır. Siz də öz ailəniz adından başqa bir ailəyə yardım əli uzatmaqla bu kampaniyaya qoşula, ehtiyacı olan insanlara dəstək göstərə bilərsiniz.