Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “AİLƏM” müsabiqəsini elan edir.

6 aprel 2020

Paylaş:

Müsabiqənin keçirilməsində əsas məqsəd ölkə Prezidenti cənab İlham Əliyevin yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində elan etdiyi “Biz birlikdə güclüyük!” şüarına dəstək olmaq, həmçinin xüsusi karantin rejimi ilə əlaqədar ailələri ev şəraitində asudə vaxtını səmərəli və faydalı keçirməyə stimullaşdırmaqdır.

Müasir dünyada ailə institutu sosial, mədəni və siyasi dəyişiklikləri əks etdirən dinamik sosial təsisat kimi çıxış edir. Bu səbəbdən zamanın çağırışlarına uyğun olaraq, ailə institutunun funksiyalarına mütəmadi olaraq yeni elementlər daxil olur. Son dövrlərdə qloballaşma şəraitində baş verən bir sıra proseslər, o cümlədən, mədəni dəyərlərin inteqrasiyasının güclənməsi, informasiya texnologiyalarının sürətli inkişafı nəticə etibarı ilə cəmiyyətdə bir sıra ənənəvi dəyərlərin itirilməsinə, klassik ailə modelinin aşınmasına və ailələrin cəmiyyətdəki sosial statusunun zəifləməsinə səbəb olur. Bu isə ailəyə, ailədaxili münasibətlər sisteminə yeni baxış, mövcud müsbət ailə təcrübəsinin yeni formatda təqdim edilməsinə zəmin yaradır. İnsanın ilkin sosiallaşması və tərbiyə edilməsi ailədən başlayır. Aparılan elmi tədqiqatlar da sübut edir ki, ailədə yüksək qayğı və intizamı özündə ehtiva edən müsbət valideynlik təcrübələri uşaqların həyatına, eləcə də onların şəxsiyyət kimi formalaşmasına dərindən təsir edir. Eyni zamanda, ailə üzvləri qarşılıqlı olaraq biri-birinə və əhatələrində olan şəxslərə sevgi, qayğı və hörmətlə yanaşmağı təşviq etməklə özlüyündə bir sıra mənfi davranış formalarının xüsusilə də geniş yayılmış asosiallaşma hallarının (insanın hələ uşaq yaşlarından dinlənilməməsi, fikrinin soruşulmaması, daha çox informasiya texnologiyaları ilə zaman keçirməsi) aradan qaldırılmasında mühüm rol oynayır.

Hazırda dünya ekstremizm, zorakılıq, terrorçuluq, silahlı münaqişələr, xəstəliklər, xüsusilə yeni növ epidemiya ilə üz-üzədir. Təbii ki, bu çağırışlar özünü həyatın bütün sferalarında, eyni zamanda cəmiyyətin əsas institutu olan ailədə də göstərir. Bütün bunların fonunda Azərbaycanda da ailə institutunun möhkəmləndirilməsi, ailədaxili münasibətlərin tənzimlənməsi, daha da inkişaf etdirilməsi, qorunub saxlanılması gündəmdə dayanan əsas məsələlərdəndir.
Son zamanlar demək olar ki, dünyada tüğyan edən koronavirus səbəbindən əksər ölkələrdə fövqəladə vəziyyət və karantin elan olunur, insanlar sosial təcrid həyat tərzi keçirirlər. İkinci Dünya Müharibəsindən sonra, ilk dəfədir ki, dünya belə kritik və gərgin vəziyyətlə üz-üzədir. Bu virus və elan olunmuş pandemiya sanki bütövlükdə yer planetinin əhalisinin bir anlıq dayanaraq ətrafda baş verənlərə nəzər salması üçün bir fürsətdir. Əfsuslar olsun ki, sürətli və templi həyatın bizi ailəmizdən, doğmalarımızdan, hətta özümüzdən uzaqlaşdırdığının fərqində deyilik. Xüsusilə də, vaxt çatışmazlığı, işlərin çoxluğu səbəbindən bəzən valideynlər övladlarına, eləcə də ər-arvad bir-birinə zaman ayıra bilmirlər. Bu günlərdə ənənələrimizin, ailə dəyərlərimizin əsasını təşkil edən sağlam ailədaxili münasibətlərin, böyüklərə ehtiram, kiçiklərə qayğı, qarşılıqlı hörmət, ailəyə, adətlərimizə bağlılıq, sevgi, paylaşmaq kimi yüksək dəyərlərin, eyni zamanda, ailə üzvləri ilə birgə vaxt keçirməyin nə qədər önəmli, vacib olduğu bir daha özünü qabarıq şəkildə göstərir. Bu çətin günlərdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, yaşadılması olduqca mühüm əhəmiyyət kəsb edir. Karantin müddətində ailə üzvləri ilə asudə vaxtı səmərəli keçirmək üçün yeni imkanlar yaranır. Asudə vaxtın əsas tərkib hissəsini ailənin maraq və zövqlərinə uyğun şəkildə ailə üzvləri ilə birlikdə kitab oxumaq, müzakirələr aparmaq, söhbət etmək, stolüstü oyunlar oynamaq, günün müəyyən saatlarında film izləmək və ya musiqi dinləmək, nənə və babalarımızla daha çox ünsiyyətdə olmaq, onların həyat təcrübələrini daha dərindən öyrənmək kimi elementlər təşkil edə bilər. Bu gözəl anları cəmiyyətə bir nümunə olaraq təqdim etmək, ailələrimizə kameranın gözü ilə baxmaq çox maraqlı olardı. #evdəqal

Müsabiqənin ƏSASNAMƏSİ
https://drive.google.com/open?id=1Sj-_eI9xNFJD50ZhynZ4d5nqdaDuUXks

Anket
https://drive.google.com/open?id=1vjjVIY27_SyEkT3GFHwFKmWxrSLyWKgT

Münsiflər heyəti
https://drive.google.com/open?id=19NhaRjf7ysFkmCeEwAPqvaDQfSeOAlvu