Dövlət Komitəsi və nəzdində fəaliyyət göstərən 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzi pandemiyaya yoluxma sayının hər gün artdığını nəzərə alaraq, məsafədən maarifləndirmə məqsədilə “Ailələrə zəng” aksiyasına start verməklə fəaliyyətini davam etdirir
Paylaş:
Koronavirusla bağlı əhalinin məlumatlandırılması və onlara yardım göstərilməsi məqsədilə regional mərkəzlərin əməkdaşları tərəfindən Goranboy, Göygöl, Ağdam, Zərdab, İsmayıllı, Zaqatala, Qəbələ, Saatlı, Sabirabad, Hacıqabul və Bakının Xəzər rayonlarında yaşayan həssas qrup ailələrə, xüsusilə ahıl və tənha insanlara edilən telefon zəngləri vasitəsilə Operativ Qərargahın qaydaları izah edilir, koronavirusdan qorunma, infeksiyanın qarşısının alınması, eləcə də təhlükəsizlik tədbirləri baxımından müəyyənləşdirilən təlimatlara əməl edilməsinin vacibliyi izah edilir.
Zənglər zamanı vətəndaşların istək və ehtiyacları da dinlənilərək onlara lazımi dəstək göstərilir. Belə ki, bir neçə vətəndaşa internet vasitəsilə kommunal xidmətlər və digər köçürmələrin forması izah edilmiş, bəzi tənha yaşlılar sosial xidmətçi xidmətindən yararlanmaq üçün müvafiq qurumla əlaqələndirilmiş, şəkər xəstəliyindən əziyyət çəkən bir neçə ahıl və tənha vətəndaşa rayon xəstəxanasından və aptekdən dərman və digər tibbi vasitələrin çatdırılması həyata keçirilmişdir. Bir neçə xüsusi qayğıya ehtiyacı olan uşaqlı ailənin ehtiyacları üçün xüsusi ləvazimatların rayon mərkəzindən alınaraq kəndə çatdırılması, eləcə də gigiyenik vasitələrlə təminata dair ahılların istəkləri təmin edilmişdir. Eyni zamanda bir neçə ailəyə kommunal xidmətlərin ödənilməsinə dəstək göstərilmiş, bəzi yaşlılar üçün isə evə həkim xidmətinin çağırılması təşkil edilmişdir. Keçirilən aksiya zamanı həm rayon, həm də ucqar kənd ərazilərində yaşayan sakinlər maarifləndirilmişdir.
Hazırda məsafədən maarifləndirmə məqsədilə “Ailələrə zəng” aksiyası davam etdirilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir daha koronavirus təhlükəsi ilə üz-üzə qaldığımız bu çətin dövrdə hər bir vətəndaşın və ailənin yanında olduğunu diqqətə çatdırır, vətəndaşları evdə qalmaqla özlərinin və yaxınlarının sağlamlıqlarını qorumaları məqsədilə Operativ Qərargah tərəfindən qəbul edilmiş qayda və təlimatlara, karantin və sosial izolyasiya rejiminə ciddi surətdə riayət etməyə çağırır.