Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

6 mart 2020

Paylaş:

Martın 6-sı Komitənin Konfrans zalında Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.  

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklillər qoyublar. Görkəmli oftalmoloq alim, akademik  Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Komitə sədri Hicran Hüseynova tədbirdə iştirak edən xanımları 8 mart Qadınlar Günü münasibəti ilə təbrik edərək bildirib ki, bu gün Azərbaycan qadınları istənilən sahədə uğur qazanmaqla yanaşı,  gözəl ailə sahibi olmağı və vətənə layiqli vətəndaşlar yetişdirməyi bacarırlar: “Bu gün qadınlarımız, gənc qızlarımız sərbəst təhsil alır, peşəkarlıq səviyyələrini artırır, ictimai-siyasi proseslərdə fəal iştirak edirlər, regionlarda ənənəvi sahələrin inkişaf etdirilməsi nəticəsində həm qadınlar, həm də ölkə iqtisadi cəhətdən güclənir. Cənab Prezident İlham Əliyev və Birinci vitse – prezident  Mehriban Əliyevanın diqqəti və qayğısı sayəsində Azərbaycanda qadın hərəkatı gündən-günə inkişaf edir”. H.Hüseynova qadınların səlahiyyətlərinin genişləndirilməsi, gender bərabərliyinin təmin olunması sahəsində imkanların artırılması, eləcə də qadınların sülh və təhlükəsizlik prosesində iştirakının təşviq oluması  baxımından çox  mühüm işlər görüldüyünü vurğuladı və bildirdi ki, 2020-ci il gender bərabərliyinin təmin edilməsi, qadın və qızların səlahiyyətlərinin artırılması  baxımından vacib bir ildir: “Biz, Azərbaycan qadınları,  dövlət qadın siyasətinin həyata keçirilməsində  ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın  bizə olan dəstəyini xüsusilə qeyd etməliyik. Onun  təşəbbüsü ilə keçirilən uşaq və qadın hüquqlarının müdafiəsi, aztəminatlı ailələrə dəstək, səhiyyə, elm, təhsil, mədəniyyət, idman, ekologiya və digər sahələrlə bağlı  irimiqyaslı layihələr insanların sosial rifahının yaxşılaşmasına  öz müsbət təsirini  göstərir”.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Azərbaycan qadınlarına təbrikini səsləndirib və Azərbaycan elminin və mədəniyyətinin inkişafında öz sözünü demiş, eləcə də ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadına Prezident təltifləri təqdim olunub.

Tədbirin davamında Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbas və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri  Mahirə Əmirhüseynova çıxış edərək ölkə başçısına Azərbaycan qadınlarına göstərdiyi diqqət və etimada görə minnətdarlıqlarını çatdırıblar.