Milli Onkologiya Mərkəzində müalicə alan uşaqlarla görüş olub
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq hüquqlarının müdafiəsi, onlar üçün bərabər hüquq və imkanların yaradılması, uşaqların cəmiyyətə inteqrasiyası və problemlərinin həlli istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. 15 Fevral - Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ərəfəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Onkologiya Mərkəzi və “Pirple Kids” Tədris İnkişaf Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində 13 fevral 2020-ci il tarixində Milli Onkologiya Mərkəzində müalicə alan 1 – 17 yaşadək olan 54 nəfər uşağa mənəvi dəstək göstərmək, onlara şən əhval ruhiyyə bəxş etmək məqsədilə görüş təşkil edildi.
Görüşdə Milli Onkologiya Mərkəzinin Uşaq Onkologiya şöbəsinin müdiri Reymən İsmayılzadə, Komitənin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova və “Pirple Kids” Tədris İnkişaf Mərkəzinin direktoru Nərgiz Əliyeva iştirak ediblər.
İştirak edən uşaqlara Komitə və Tədris Mərkəzi tərəfindən müxtəlif hədiyyə və şirniyyatlar paylanılıb.
Qeyd edək ki, 15 fevral günü xərçəngə qarşı Ümumdünya Xərçəngli Uşaqların Valideynlərinin Dünya Konfederasiyasının təşəbbüsü ilə 2001-ci ildən qeyd olunur və artıq Azərbaycanda bu ənənə halını alıb. Bu günün qeyd edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu xatırlatmaqdır.