Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində əsgər və zabitlərlə görüş keçirilib
Paylaş:
Bu gün gənclərin Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərinə hörmət ruhunda tərbiyə olunması dövlət ailə siyasətinin prioritet istiqamətini təşkil edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin həyata keçirilməsi məqsədilə mütəmadi olaraq cəmiyyət üzvləri arasında Azərbaycan ailəsinə xas milli-mənəvi dəyərlərin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirilir. Bu tədbirlərin davamı olaraq, 21 sentyabr 2016-cı il tarixində Müdafiə Nazirliyi ilə birgə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində əsgər və zabitlər üçün vətənpərvərlik ruhunda görüşlərə start verilib və bu görüşlər çərçivəsində ilk tədbir keçirilib. Tədbirdə Mərkəzin şəxsi heyəti, əsgər və zabitlər, Müdafiə Nazirliyinin və Komitənin səlahiyyətli nümayəndələri və Millət vəkilləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev bütün tədbir iştirakçılarını və qonaqları salamlayıb, əsgər və zabitlərin hər zaman dəstək verici və vətənpərvərlik ruhunda görüşlərə ehtiyac duyduğunu bildirib, tədbir iştirakçılarını çıxışlardan sonra müzakirələrdə fəal olmağa, təklif və tövsiyyələrini bölüşməyə dəvət edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışının əvvəlində Mərkəzin bütün şəxsi heyətini salamlayıb, belə bir görüşdə əsgərlər qarşısında çıxış etməkdən fəxr hissi duyduğunu qeyd edib. Azərbaycan ordusunun hal-hazırda malik olduğu maddi-texniki təchizat ilə regionun lider ordusu olduğunu bildirən A.Sofiyeva, xalqımızın öz ordusu ilə hər zaman qürur duyduğunu xüsusi vurğulayıb. Dünyada gedən qloballaşma prosesi əsnasında ölkəmizdə nəinki hərbi sahədə, eyni zamanda digər bütün sahələrdə də güclü inkişaf prosesinin getdiyini, bütün bu uğurların ölkə rəhbərliyinin düzgün idarəetmə sisteminin nəticəsində qazanıldığını qeyd edən Sədr müavini, bütün bu inkişafa baxmayaraq qloballaşmanın mənfi tərəflərinin olduğunu da nəzərə çatdırıb. Bu istiqamətdə müasir zamanda milli-mənəvi dəyərlərin dəyişilməsi və məhv olması hallarının nəzərə çarpdığı, dövlət tərəfindən milli-mənəvi dəyərlərin, ailə dəyərlərinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi üçün mühüm addımlar atıldığı bildirilib, dəyərlərin ilk olaraq ailədə formalaşdığı nəzərə alınaraq, hər bir vətəndaşın, ailənin daha diqqətli olması, onların üzərinə böyük öhdəçilik düşdüyü qeyd olunub.
Daha sonra çıxış edən Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli hal-hazırda Respublikamızın bütün dünyada sərbəst şəkildə öz sözünü deyən və hörmət edilən dövlətlərdən olduğunu, bu uğurun ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilən düzgün siyasət nəticəsində qazanıldığını qeyd edib. H.Rəcəbli bütün tədbir iştirakçılarına xatırladıb ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər Azərbaycana rəhbərlik edən qüvvələr milli ordunu yarada bilməyərək məsuliyyətsizliyə yol veriblər. Nəticədə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal edə bilib, bir milyondan çox azərbaycanlı zor gücünə öz doğma torpaqlarından qovulub, on minlərlə insan həlak olub. Yalnız xalqın tələbi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən və Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra ordu quruculuğu sahəsində fəaliyyətə güclü təkan verilib, döyüş qabiliyyətli silahlı qüvvələrin yaradılması üçün zəruri şərait formalaşdırılıb. Hazırda Azərbaycan Ordusu bölgənin ən qüdrətli ordusu kimi, işğal altındakı torpaqları istənilən vaxt düşməndən təmizləməyə və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə qadirdir.
Millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü, YAP Nəsimi rayon Təşkilatının sədri Məlahət İbrahimqızı çıxışı zamanı bu ilin 1 – 4 aprel tarixlərində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının şücaətini bir daha yada salaraq, bütün xalqın ordumuzla fəxr etdiyini, eyni həyəcanı keçirdiyini bildirib və Allahdan onlara rəhmət diləyib. Dövlət tərəfindən nəinki şəhid ailələrinə və yaxınlarına, eyni zamanda hərbiçilərə və onların ailələrinə göstərilən diqqət və qayğıdan, onların sosial şəraitinin yaxşılaşdırılması üçün atılan addımlardan və günü-gündən Respublikamızın hər sahədə əldə etdiyi möhkəm uğurlardan söhbət açan millət vəkili, torpağımızın hər qarışının müqəddəs və alınmaz olduğunu, lazım gələrsə vətən uğrunda qəhrəman və igid Azərbaycan qadınının hər zaman döyüşə biləcəyini xüsusi vurğulayıb.
Çıxışlardan sonra əsgər və zabitlərlə müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb, fikirləri dinlənilib. Tədbirdə Azərbaycan gənclərinin uşaq yaşlarından etibarən vətənpərvərlik ruhunda böyüdülməsi üçün hər zaman maarifləndirmə tədbirlərinin keçirilməli olduğu xüsusi təklif kimi qeyd olunub.
Müzakirələrdən sonra Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev bütün tədbir iştirakçılarına, qonaqlara və çıxışçılara bir daha təşəkkürünü bildirib, bu növ görüşlərin mütəmadi olaraq keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Sonda Komitə tərəfindən nəşr olunmuş maarifləndirmə vəsaitləri, “Azərbaycan ailəsi”, “İgid oğullarla bir cərgədə” və “Uşaqlar müharibənin günahsız qurbanlarıdır” kitabları Mərkəzin kitabxanasına təqdim olunub.