Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Hindistanda keçirilən beynəlxalq təlimdə iştirak edib.

11 fevral 2020

Paylaş:

9 dekabr 2019 - 31 yanvar 2020-ci il tarixlərində Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) Proqramı çərçivəsində Hindistanın Noida şəhərində təşkil edilmiş 8 həftəlik “Qadın və Müəssisənin İnkişafı” adlı beynəlxalq təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin əməkdaşı Azər İsalı iştirak edib.

31 ölkədən 32 nümayəndənin iştirak etdiyi beynəlxalq təlimdə iştirakçılar öz ölkələrindəki müvafiq sahədə olan vəziyyətlə bağlı təcrübə mübadiləsi aparmaq imkanı əldə ediblər. Komitə əməkdaşı Azər İsalı ölkəmizin müvafiq sahədə gördüyü işlər barədə təqdimatla çıxış edərək təlim iştirakçılarını məlumatlandırıb.

Həmçinin, təlimin keçirildiyi müddət ərzində iştirakçı ölkələrin nümayəndələrinə sahibkarlığın inkişafı vasitəsilə qadınların səlahiyyətləndirilməsi prosesini dərk etmə, kiçik biznes və müəssisənin fəaliyyətinin planlaşdırılması, gender məsələləri, xüsusilə gender bərarbərliyi məsələlərinə qarşı həssaslığının effektiv şəkildə artırılması, təlimlərin müvafiq auditoriyaya çatdırılması bacarıqlarının inkişafı, effektiv liderlik təlimatları və digər məsələlər üzrə aidiyyatı qurumların ekspertləri tərəfindən nəzəri və praktiki bilgilər verilmişdir.

Proqram çərçivəsində iştirakçı ölkələrin nümayəndələri Hindistanın Aqra, Caypur, Muradabad şəhərlərində olan bir çox istehsal müəssisələrinə (ayaqqabı, geyim, dizayn və moda müəssislərinə, əl işlərindən ibarət xalça toxuma, saxsı qabların hazırlandığı müəssisələr) təcrübə səfərləri ediblər. Eyni zamanda iştirakçıların Hindistanın müvəffəqiyyət əldə etmiş bir sıra sahibkarları ilə görüşləri təşkil edilib.

Proqram çərçivəsində iştirakçı ölkələrin nümayəndələrinin milli geyimlərinin nümayişi baş tutub. Proqramın yekununda iştirakçılar ITEC proqramını müvəffəqiyyətlə bitirdiklərinə dair sertifikatla təltif olunublar.