Gender məsul şəxslər üçün növbəti 2 günlük təlim kursu başladı
Paylaş:
Fevralı 4-ü Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) birgə təşkilatçılığı ilə gender bərabərliyi üzrə məsul şəxslər üçün təşkil olunmuş növbəti 2 günlük təlim kursu başlayıb. Təlim çərçivəsində təlimçilər gender bərabərliyinin təmin edilməsi, qadın hüquqlarının müdafiəsi, mövcud gender siyasəti, gender auditi, bu istiqamətdə milli qanunvericilik və beynəlxalq təşkilatlarla əməkdaşlıq, cinsi ayrı-seçkiliklə mübarizə üsulları və digər müvafiq mövzularla bağlı təqdimatlarla çıxış ediblər.
Təlimdə müxtəlif dövlət qurumlarının gender məsələləri üzrə məsul şəxsləri iştirak edib.
Tədbiri Komitənin sədr müavini Sədaqət Qəhrəmanova açaraq dövlət Gender siyasəti ilə bağlı həyata keçirilən tədbirlərdən danışaraq qanunvericiliyin gücləndirilməsi istiqamətində qəbul edilən qanun və Konvensiyaların mühüm rolundan bəhs edib: “Dövlətin yaratdığı imkanlar sayəsində bu gün çox savadlı, aktiv gənclik yetişir. Amma cəmiyyətin həssas qrupdan olan üzvlərinin dəstəyə daha çox ehtiyacı var. Buna görə də Komitə olaraq bizim əsas məqsədimiz belə insanları maarifləndirmək və dəstək olmaqdır”. O, qeyd etdi ki, bu sahədə beynəlxalq təşkilatlarla aparılan uğurlu əməkdaşlıq nəticəsində bir sıra layihə reallaşdırılıb və onlardan biri də “Kənd qadınlarının sosial və iqtisadi həyatda fəallığının təşviqi” layihəsidir. Bu layihə sayəsində həssas qrupa aid olan 200-ə yaxın qadın öz biznesini quraraq ailəsinə dəstək olub. Sədr müavini qeyd edib ki, bu layihənin keçirilməsi ilə biz belə nəticəyə gəldik ki, iqtisadi baxımdan güclü qadın hüquqlarını daha yaxşı qoruya bilir. Sonda o, qadınların iş həyatlarında rastlaşdıqları sosial problemlərin həllində gender məsul şəxslərin mühüm rolundan bəhs edib və təlim iştirakçılarının təhlillər aparıb, təkliflərini irəli sürə biləcəklərini dilə gətirib.
Daha sonra iştirakçılar təqdim edilib və təlim başlanıb.
Təlimin ikinci günü – fevralın 5-i tarixində isə CEDAW Komitəsinin fəaliyyəti, Liderlik və qərar qəbuletmə, Gender auditi. Gender indikatorları və gender analizi, «Gender mainstreaming»- Genderin inteqrasiyası, Ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə gender bərabərliyinin inteqrasiyası/Gender bərabərliyinin gündəlik fəaliyyətə necə inteqrasiya etmək olar? mövzuları üzrə təlim davam edəcək.
Təlimçilər Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov və həmin şöbənin baş məsləhətçisi Aynur Veysəlova-Abbasova, Hüquqi-təminat şöbəsinin baş məsləhətçisi Rahil Suleymanzadə, Qadın Problemləri və Gender Məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova, BDU-nin Gender və tətbiqi psixologiya kafedrasının müəllimi Nigar Səfərovadır.