20 Yanvar Ümummilli Hüzn Gününün 30 illiyi ilə bağlı anım tədbiri keçirildi

17 yanvar 2020

Paylaş:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncamının icrası məqsədilə 16 yanvar 2020-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun birgə təşkilatçılığı ilə "20 Yanvar Ümumxalq Hüzn Günü"nün 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Tədbir başlamazdan öncə 1990-cı il 20 Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra AMEA-nın 1-ci vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq 20 Yanvar hadisələrinin müstəqillik tariximizdə oynadığı mühüm roldan bəhs edib.  O, bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələr Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək, xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya, ən əsası isə faciənin təşkilatçılarına nümayiş etdiriblər.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin vəzifələrini icra edən Aynur Sofiyeva çıxış edərək bildirib ki, ölkəmizdə aparılan uğurlu siyasət sayəsində bu gün Azərbaycan dünyada stabil inkişaf edən, öz mövqeyini ortaya qoyan, nüfuz sahibi olan bir dövlət kimi tanınır. Bu inkişaf, dayanıqlılıq və davamlılığın təmin olunması məsələləri bizim qarşımıza müəyyən vəzifələr qoyur. Bu ən vacib vəzifələrdən biri də ölkəmizin dünənini, bu gününü gələcəyə layiqli şəkildə ötürə bilən və gələcək tariximizin uğurlu səhifələrini yazmağa qadir olan nəsil formalaşdırmaqdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara olan diqqət və qayğısını qeyd edən Aynur Sofiyeva ölkəmizdə uşaq məsələlərinə xüsusi diqqət göstərildiyini, uşaqların sağlam böyüməsi, hərtərəfli inkişafı və digər vacib istiqamətlərdə  önəmli fəaliyyətlərin həyata keçirildiyini bildirib. O deyib ki, vacib məsələlərdən biri də uşaqlarda iştirakçılıq və özünüifadə bacarıqlarının üzə çıxarılmasıdır: “Bu istiqamətdə tədbirləri təşkil etməkdə məqsədimiz Qanlı Yanvar tarixinin 30-cu ildönümü ərəfəsində uşaqlarla tarixçilərimizin, alimlərimizin dialoqunu təşkil etmək, qarşılıqlı fikir mübadiləsi aparmaqdır.”

Tədbirin davamında Elm Tarixi İnstitutunun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov 20 Yanvar hadisəsinə aid məruzə ilə çıxış  edib.

Daha sonra söz uşaqlara verilib. Xüsusilə Nurlan Cəbrayılzadə, Xədicə Bayramova,  Fidan Əliyeva, Abdulla Nağıyev,  Tuğray  Abbaszadə çıxışları ilə seçiliblər.

Sonda xatirə fotosu çəkilib.