Komitədə Avropa Şurasının Parlament Assambleyasının üzvləri ilə görüşü keçirildi

28 sentyabr 2016

Paylaş:

Avropa Şurasının təşəbbüsü və onun Parlament Assambleyasının dəstəyi ilə həyata keçirilən “Qadınlara qarşı məişət zorakılığı ilə mübarizə” adlı kampaniyasının davamı olaraq ölkəmizdə müxtəlif səviyyələrdə tədbirlər keçirilməkdədir. Bu ənənəni davam etdirərək Azərbaycan Respublikası Milli Məclisi Avropa Şurası Parlament Assambleyasının “Zorakılıqdan azad qadınlar” Parlament şəbəkəsi ilə birgə “Qadın səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu” mövzusunda seminar keçirib. 

Bununla əlaqədar, 28 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublkasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Avropa Şurası Parlament Assambleyasının “Zorakılıqdan azad qadınlar” Parlament şəbəkəsinin nümayəndə heyəti ilə görüşü keçirilib.

Görüşdə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə Monako Parlamentinin və “Zorakılıqdan azad qadınlar” Parlament Şəbəkəsinin üzvü, AŞPA-nın üzvü Beatris Fresko-Rolfo, Avstriya Parlamentinin və “Zorakılıqdan azad qadınlar” Parlament Şəbəkəsinin üzvü, Avstriya Milli Şurasının üzvü, Avstriya Parlamentinin Bərabərlik komitəsinin sədri, Avstriya Sosialist Partiyasının (SPÖ) üzvü, Avstriya Parlamentinin AŞPA-dakı nümayəndə heyətinin üzvü və rəhbəri, AŞPA-nın Vitse-prezidenti Qizela Vurm, , yerli, milli, regional və beynəlxalq səviyyələrdə qadınların insan hüquqları ilə məşğul Albaniyadan ekspert Monika Koçaqi, Avropa Şurasının eksperti Bosniya və Herseqovina Parlamentinin, eləcə də “Zorakılıqdan azad qadınlar” Parlament şəbəkəsinin üzvü İsmeta Dervoz, Andora Parlamentinin və AŞPA-nın üzvü, AŞPA-nın Sosial məsələlər və davamlı inkişaf komitəsi Sədrinin müavini Silvia Bonetdan başqa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları da iştirak edib.

Görüş zamanı Hicran Hüseynova Azərbaycan qadınlarının cəmiyyətdə tutduğu yüksək mövqe, müxtəlif sahələrdə qazandıqları uğurları barədə qonaqlara məlumat verib. Komitə sədri öz çıxışında vurğulayıb ki, Azərbaycan qadınları cəmiyyətin bütün sahələrində təmsil olunublar. Son illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların da sayı artıb. Həyata keçirilən dövlət proqramlarında gender məsələləri mühüm yer tutur. O qeyd edib ki, qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir. Bəzən də qadınlara qarşı zorakılıq ilk növbədə ondan irəli gəlir ki, qadınların bir çoxu öz hüququnu bilmir, dövlətin verdiyi imkanlardan istifadə etməyi bacarmır.

H.Hüseynova onu da vurğulayıb ki, müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəvidə böyük imkanlar açır. Ona görə də Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində bu gün ölkədə qadın hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılır.

Komitə sədri öz çıxışında bildirib ki, qadınlar arasında maarifləndimə işlərini, xüsusilə də, onların ictimai həyatda aktiv iştirakı üçün təbliğatı gücləndirməliyik. Bunun üçün ayrı-ayrı rayonlarda, məktəblərdə, ictimaiyyət  arasında müvafiq mövzularda dəyirmi masalar, seminar- treninqlər keçiririk. “Gender əsaslı zorakılıqla mübarizə aparmaq, mövcud yalnış stereotipləri dəyişmək üçün  müvafiq dövlət orqanları və qeyri- hökumət təşkilatları ilə səmərəli  iş birliyinin olması diqqətəlayiqdir.   Bu işdə bizə  əsas dəstək olan  Heydər Əliyev  və BMT-nin Əhali Fondu  ilə birgə çox güclü layihələr keçirir, araşdırmalar aparırıq.  Məlumat üçün bildirmək istəyirəm ki, bu layihələrdən “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə”, “Zorakılığa yox deyək”, “Azərbaycan ailəsi” adlı filmlər festivalı və bir çoxu artıq ənənəvi xarakter daşıyır. Komitəmiz tərəfindən Heydər Əliyev Mərkəzlərində Qadın Resurs Mərkəzlərinin yaranmasına start verilmişdir. Komitənin  Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən risk qrupuna aid olan ailə, qadın və uşaqlara psixoloji, hüquqi, tibbi yardım göstərilməsinə köməklik edir”.

Komitə sədri Hicran Hüseynova onu da qeyd edib ki,  həyata keçirilən dövlət qadın siyasəti nəticəsində son zamanlar qadınların ictimai-siyasi  sahədə təmçilçiliyinin artması bu istiqamətdə işin aparılmasını daha da asanlaşdırır. “2014-ci ildə bələdiyyə səviyyəsində vəzifə tutan qadınların sayının 35% artması və ölkə prezidentinin xüsusi sərəncamı əsasında regionlarda icra hakimiyyəti başçısının müavini vəzifəsinə qadınların təyin edilməsi onların siyasi və ictimai həyatda  fəaliyyətinin artıdığını təsdiq edir. 2015-ci il palament sekilərində qadın millət vəkillərinin sayı 16,8%  olmuşdur.  Müsbət  halladan  biri də  icra başçılardan və   nazirlərdən birinin qadın olmasıdır.  Amma biz  qadınların ali və qərar qəbuletmə vəzifələrində   daha yüksək  səviyyədə təmsil olunmasına nail olmalıyıq”.

Qonaqlar səmimi qəbul üçün minnətdarlıqlarını bildirərək Azərbaycanda qadın və uşaq problemlərinin həllinə yönəlmiş tədbirləri yüksək qiymətləndirib və ölkənin sosial-siyasi həyatında qadınların rolunun artırılması meyillərinin əhəmiyyətini xüsusilə vurğulayıblar. Eyni zamanda qeyd edilib ki, bu istiqamətlərdə təcrübə mübadiləsinin aparılması mühüm əhəmiyyət kəsb edir və əməkdaşlığımız davamlı olacaqdır.

Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və keçirilən layihələrdə effektivliyin artırılması məqsədilə geniş müzakirələr aparılıb.