Bələdiyyə üzvü seçilən qadınların sayı artıb
Paylaş:
Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən 23 dekabr 2019-cu il tarixində keçirilən bələdiyyə seçkilərində seçilən qadınların sayı 5882 nəfər təşkil edib. Bu göstərici faizlə 38,81%-dir. Seçilən kişilərin sayı isə 9272 nəfərdir. Öncəki seçkilərlə müqayisədə bu Azərbaycan tarixində ilk belə göstəricidir.
Belə ki, 2004-ci ildə keçirilən bələdiyyə seçkilərində qadınların təmsilçiliyi 4 %, 2009-cu ildə 26,7 %, 2014-cü ildə 35 % təşkil etmişdi.
Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında”, 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” imzaladığı Sərəncamlar qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münasib şərait yaratmış və bu sənədlər qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasında böyük rol oynamışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qadınların idarəetmə və qərarqəbuletmədə təmsilçiliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər qadınların fəallığının gücləndirilməsinə, gender bərabərliyinin təmin edilməsinə vacib töhfələr verir.
2006-cı ildə “Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi qadın hüquqlarının qorunması, qadınların səlahiyyətləndirilməsi istiqamətində atılan mühüm addımlardandır.
Qeyd etmək istərdik ki, Komitə Almaniya Əməkdaşlıq Təşkilatı ilə birgə Bakıda və bölgələrdə qadınların liderlik keyfiyyətlərinin artırılması mövzusunda təlimlər keçirib. Bu kimi maarifləndirici tədbirlər qadınların fəallığının artmasına təsir göstərən amillərdən biridir.
Bələdiyyə seçkisində uğur qazanmış namizədləri təbrik edir və onlara fəaliyyətlərində müvəffəqiyyət arzu edirik!