Komitə sədri Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

9 dekabr 2019

Paylaş:

Dekabrın 9-u  Ailə, Qadın və Uşaq Problemləri  üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpla və səfirliyin nümayəndələri ilə görüşüb.  O bildirib ki, müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəvidə böyük imkanlar açır. Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində bu gün ölkədə qadın  hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılır.  Komitə sədri qadın hüquqları sahəsində İngiltərə ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən görüşlərdən bəhs edərək, bu əməkdaşlığı davam etdirməyi arzuladığını bildirib. “Mən İngiltərədəki məişət zorakılığı təcrübəsi ilə yaxından tanış olduğuma görə şadam. Biz İngiltərə Parlamentinə dəfələrlə dəvət edilmişik, qurumlarla tanış olmuşuq. Biz Azərbaycanda bu təcrübəni reallaşdırmağa başladıq. Bundan başqa İstanbul Konvensiyasının qəbul edilməsi, BMT Təhlükəsiz Şurasının “Qadınlar, Sülh və Təhlükəsizlik” üzrə 1325 saylı Qətnaməsinin Azərbaycan Respublikasında tətbiqinə dair Milli Fəaliyyət Planının  hazırlanması sahəsində də işlər görülür”.  Bununla yanaşı  Komitə sədri Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində bir milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşən 400 mindən çox qadın, 300 mindən çox uşaqların hüquqlarının qorunması və onlar üçün  Azərbaycan Hökumətinin yratdığı imkanlardan bəhs edib.

İngiltərənin Azərbaycandakı səfiri Ceyms Şarpla səmimi qəbul üçün minnətdarlığını bildirib. O,  İngiltərədə qadın hüquqları, qadın zorakılığı ilə bağlı görülən işlər barədə məlumat verib.

Görüşdə gender bərabərliyi və bununla bağlı proqramların həyata keçirilməsi, qadınların müdafiəsi,  onların təhlükəsizliyinin təmin edilməsi sahəsindəki fəaliyyətlərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

        Sonda xatirə şəkli çəkilib.