Aynur Sofiyeva Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının 25 illiyi konfransında çıxış edib

28 noyabr 2019

Paylaş:

Noyabrın 27-də Tailandın Banqkok şəhərində keçirilən Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının 25 illiyinə həsr olunmuş konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edib.

A.Sofiyeva əvvəlcə konfrans iştirakçılarını Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının 25-ci ildönümü münasibətilə təbrik edib. O, bildirib ki, dünya qadınlarının ümumi və spesifik problemlərini müzakirəyə çıxaran Pekin Platformasının bütün dünya qadınlarının hüquqlarının qorunacağını və gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştirakına mane olan amillərin aradan qaldırılacağını bəyan etməsi dünyada böyük rəğbətlə qarşılandı. Azərbaycan da bu əhəmiyyətli sənədin, 12 strateji istiqamətinin reallaşmasında yaxından iştirak edib.

A.Sofiyeva qeyd edib ki, bir sıra dövlət proqramları həyata keçirildikdən sonra ölkəmizdə qadınların müxtəlif sahələrdə fəallığının artdığını görürük. “2017-ci ildə Azərbaycan qadınının Respublikanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması mühüm uğurlarımızdandır. Qadınların qərarvermə prosesində iştirakçılığı artmaqdadır. Bələdiyyə səviyyəsində qadınların nümayəndəliyi 2014-cü il seçkilərində 4%-dən (2004-cü il seçkiləri) 35%-ə yüksəldi. Doktorantların 46%-i və elmi işçilərin 51%-i qadınlardır.”

“Hökumət qadınları qeyri-ənənəvi sahələrdə təhsil və təlim almağa təşviq etmək üçün maarifləndirmə tədbirləri görür. Gənc qızlar üçün İKT, rəqəmsal sahibkarlıq, robotexnika və texnoloji sahələrdə qlobal tendensiyalar mövzusunda təlimlər təşkil olunur.”-deyə o əlavə edib.

Komitənin sədr müavini dövlətin qadın sahibkarlığının inkişafına böyük diqqət göstərdiyini qeyd edərək bildirib ki, bölgələrdə qadınıların iqtisadi bacarıqlarının artırılması, onların sahibkarlığa cəlb edilməsini təmin etmək üçün Qadın Resurs Mərkəzləri yaradılıb. Bu Mərkəzlər kənd qadınlarının iqtisadi və sosial iştirak sahəsindəki ehtiyac və qayğılarını həll etmək səylərini gücləndirir, qadın və qızlara kitabxana resurslarına, internetə, kompüterə, təlimlərə və s. ödənişsiz müraciət etmək imkanı verilir. Bu mərkəzlər vasitəsilə 6000-dən çox kənd qadınının əhatə edən mühüm şəbəkə yaradılıb. Görülən mühüm işlər nəticəsində 2018-ci ildə kiçik və orta sahibkarlıqda qadınların payı 35%-ə yüksəldi. Əvvəllər bu göstərici cəmi 4% idi.

A.Sofiyeva konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində hələ də bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Onların cəmiyyətə yenidən inteqrasiyası üçün çox böyük işlər görülür.