Abşeron rayonunda “Ailə Bayramı”

16 may 2014

Paylaş:

BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq hər il 15 may tarixi bütün dünyada “Beynəlxalq Ailə günü” kimi qeyd olunur.

Bu münasibətlə may ayının 15-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilmişdir. 2006-cı ildən etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq 15 may “Beynəlxalq Ailə günü” ərəfəsində silsilə tədbirlər və yekun olaraq “Ailə Bayramı” keçirilir. Əvvəlki illərdə bayram Bakı şəhərində, Qax, Lənkəran, Şamaxı, Xaçmaz, İsmayıllı rayonlarında və Şəki şəhərində keçirilmişdir. Hər il olduğu kimi bu ildə, təntənəli şəkildə qeyd olunan “Ailə Bayramı”nda Respublikamızın bütün bölgələrindən 4 nominasiya üzrə (“Bacarıqlı əllər”, “Yaradıcı ailə”, “Milli mətbəx”, “Nümunəvi ailə”) 78 ailə iştirak etmişdir.

Bayram tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ilk olaraq bütün qonaqları Abşeron rayonunda salamlamış, Azərbaycan ailələrini bu gözəl bayram münasibətilə təbrik etmiş, bütün ailələrə cansağlığı, firavan həyat arzulamışdır. Belə tədbirlərin keçirilməsini dövlətin öz vətəndaşlarına verdiyi yüksək qiymətin bariz nümunəsi kimi dəyərləndirən RİH başçısı, Respublikamızda uğurla həyata keçirilən dövlət ailə siyasətinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Tədbirin əhəmiyyətini qeyd edən AQUPDK-nın sədri Hicran Hüseynova bildirmişdir ki, Beynəlxalq Ailə gününün keçirilməsinin əsas məqsədi cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, milli azlıqları təmsil edən ailələrin adət-ənənələrinin nümayişi, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin, nümunəvi çoxuşaqlı ailələrin, sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyasının təbliğidir.
Statistik göstəricilərə toxunaraq hal-hazırda Azərbaycanda 2.000.000 ailənin mövcudluğu haqqında məlumat verən Hicran Hüseynova, dövlətin əsasının məhz güclü və sağlam ailələr tərəfindən təşkil olunduğunu vurğulamışdır.
Qeyd olunmuşdur ki, dövlətimizin başçısının gündəlik diqqət və qayğısı sayəsində Dağlıq Qarabağ münaqişəsi nəticəsində ciddi sosial-psixoloji çətinliklərlə qarşılaşan qaçqın və məcburi köçkünlərin, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrin bir çox problemləri artıq həll olunmuşdur. Bu sahədə dövlətin güclü və təkmil qanunvericilik bazası mövcuddur.
Hicran Hüseynova ailələrin qorunması üzrə həyata keçirilən layihələr çərçivəsində əhalinin sağlamlığı sahəsində görülən işlərdən danışaraq demişdir ki, bu ilin əvvəlində Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yarım milyondan çox insan dispanserləşmədən keçmişdir. Bu isə dövlətin, xüsusilə Azərbaycan Prezidentinin ailələrin sağlamlığına olan diqqət və qayğısının əyani sübutudur.
Bayram tədbirində çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirmişdir ki, bütün nailiyyətlərin əsasında ailə səadəti durur. Ailə bütün zamanlarda cəmiyyətin ən müqəddəs təməl daşı hesab olunur. Azərbaycan xalqının dərin ailə ənənələri mövcuddur. Cəmiyyətimizdə ailə həmişə müqəddəs sayılmışdır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət ailə siyasətinin təməli qoyulmuşdur. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ailə məsələləri həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi ən əsas məsələlərdən, prioritet istiqamətlərdən biridir.
Diqqətə çatdırılmışdır ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva beynəlxalq aləmdə Azərbaycan qadınının mənəvi zənginliyini, vətənpərvərliyini, ailə dəyərlərini uğurla təmsil edir.

Artıq 7-ci dəfə keçirilən bayramda, ilk dəfə bu il müxtəlif mövzuları əks etdirən guşələr tədbir iştirakçılarının istifadəsinə verilmişdir. Guşələrdə iştirakçı ailələr müxtəlif mövzular üzrə ekspertlərin mühazirələrini (hüquqşünas, həkim, psixoloq), faydalı məsləhətlərini dinləyə (yaşlı nəslin nümayəndələrinin), onları maraqlandıran sualları ekspertlərə ünvanlaya bilərdilər. Eyni zamanda, bayramda müxtəlif sərgilər təqdim edilmiş, bölgələrin mətbəxini əks etdirən milli xörəklərin, qədim peşə sahələrindən olan əl işlərinin hazırlanması nümayiş olunmuşdur.
Hər il olduğu kimi, bu il də bayram şənliyində Azərbaycan xalqının toy adət-ənənələri nümayişi olunmuş, bir gənc cütlüyün nikahı rəsmiləşdirilmiş, digər gənc cütlük üçün xınayaxdı mərasimi keçirilmişdir.
Bundan əlavə, bayramda Rusiya, Belarusiya, Latviya Dövlətlərinin ölkəmizdə olan fövqəladə və səlahiyyətli səfirləri, İordaniya Krallığının ölkəmizdə olan səfirliyinin səlahiyyətli nümayəndəsi iştirak etmişdir. Həmçinin Rusiya və Belarusiya səfirliklərinin nümayəndələri öz ölkələrinin adət-ənənələrini nümayiş etdirmək məqsədilə bayram iştirakçılarına əl işlərindən, adətlərini əks etdirən atributlardan, milli mətbəx nümunələrindən ibarət sərgi nümayiş etdirmiş, rəqs nümunələri ilə bayrama şən abu-hava qatmışdırlar.
Bayram tədbiri müxtəlif bölgələrdən gəlmiş yaradıcı ailələrin ifaları ilə davam etmiş, sonda bütün tədbir iştikçıları, həmçinin tədbirdə Abşeron rayonunu təmsil edən uzunömürlü və çoxuşaqlı ailələr AQUPDK və Abşeron RİH tərəfindən diplomlar, qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.