“Ana südü ilə qidalanma” mövzusunda tədbir keçirilib
Paylaş:
2018-ci ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərində və regionlarda yerləşən orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, reproduktiv sağlamlıq və ailə planlaşdırılması, körpənin ana südü ilə qidalanmasının vacibliyi sahəsində gənclərin maarifləndirilməsi məqsədilə böyük uğurla tədbirlər həyata keçirilir.
Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq, 4 oktyabr 2019-cu il tarixində İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində qız tələbələri üçün “Ana südü ilə qidalanma” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan peşə məktəbinin direktor müavini Şəfiqə Vəliyeva tədbir iştirakçılarını salamlayaraq tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Səhiyyə Nazirliyinə öz minnətdarlığını bildirib və tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva uşaq və gənclərin fiziki və mənəvi cəhətdən sağlam nəsil kimi yetiştirilməsi, onların sağlamlığının təmin edilməsi üçün respublikamızda lazımi şəraitin mövcudluğunu vuğulayaraq, yeniyetmə və gənclərimizdə sağlam həyat tərzi keçirmək vərdişinin tərbiyə olunması istiqamətində görülən işlərdən bəhs edib, ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair qəbul edilən dövlət proqramlarından ətraflı məlumat verib.
Sonra çıxış edən Səhiyyə Nazirliyinin İctimai-Səhiyyə İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Şəhla Mirzəzadə “Ana südü ilə qidalanma” adlı təqdimatla çıxış edərək, yenidoğulan körpənin ana südü ilə qidalanmasının vacibliyindən bəhs edib, tələbələrə ana südünün xüsusiyyətləri barədə ətraflı məlumat verərək, onları körpənin ana südü ilə qidalanması qaydalarları ilə tanış edib.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib.
Sonda Komitə tərəfindən hazırlanmış maarifləndirmə materialları tədbir iştirakçılarına təqdim olunub və “Azərbaycan Ailəsi Film Festivalına” təqdim olunan milli-mənəvi, eləcə də ailə dəyərlərindən bəhs edən “Xoşbəxtliyin açarı”, “Ailə bir ağacdır” qısametrajlı filmləri və cəmiyyətdə mövcud olan problemlərdən bəhs edən “Onlardan biri mənəm” adlı sosial çarx nümayiş edilib. Eyni zamanda tədbir iştirakçılarına Komitə tərəfindən hazırlanan çap materialı təqdim edilib.