“Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti regional tədbir Qax rayonunda keçirilib

13 iyun 2019

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği,
milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə 2017-ci ildən etibarən start verilən
“Ailə Akademiyası” layihəsi uğurla davam etdirilir.

Layihənin davamı olaraq, növbəti regional tədbir Qax rayon İcra Hakimiyyəti ilə birgə İsmayıllı, Zaqatala, Balakən, Qəbələ, Oğuz rayonlarının və Şəki şəhərinin aktiv bələdiyyə orqanlarının nümayəndələrinin iştirakı ilə 12 iyun 2019-cu il tarixində Qax rayon Heydər Əliyev Mərkəzində keçirilib.

Tədbiri giriş sözü ilə açan Qax rayon İcra Hakimiyyətinin başçısının müavini Vəfa Heydərova tədbir iştirakçılarını salamlayaraq, layihənin əhəmiyyəti barədə çıxış edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva respublikamızda ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən Dövlət Proqramlarından, bu istiqamətdə qəbul edilən qanunlardan söhbət açaraq bildirib ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərib, milli adət-ənənələrimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi  möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə öz mövqeyini qoruyub saxlayıb.

Yerli özünüidarəetmə orqanları ilə birgə keçirilən “Ailə Akademiyası” layihəsi barədə məlumat verən A.Sofiyeva layihənin ictimai əsaslarla keçirildiyini və əsas hədəfin gənclər, xüsusilə gənc qızlar,yeni qurulan ailələr və sosial aktivliyi zəif olan insanlar olduğunu qeyd edib. A.Sofiyeva layihənin daha geniş miqyasda həyata keçirilməsi işində bələdiyyələri fəal olmağa çağırıb. Tədbir zamanı “Ailə Akademiyası” layihəsini əks etdirən təqdimat nümayiş etdirilib.

Tədbirdə Qax Rayon Ağsaqqallar Şurasının sədri Nadir Aşurov, Qax Şəhər  Bələdiyyəsinin sədri Eyvaz Orucov, Qafqaz Müsəlmanları İdarəsinin Qax rayon üzrə nümayəndəsi Hacı Əsgərov layihənin əhəmiyyəti barəsində çıxışlar edib.

Eyni zamanda regional tədbirdə İsmayıllı, Zaqatala, Balakən, Qəbələ, Oğuz rayonlarının və Şəki şəhərinin bələdiyyə nümayəndələrinin çıxışları dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.

         Layihə çərçivəsində bələdiyyə orqanlarında yerli sakinlərin iştirakı ilə görüşlərin il ərzində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.