Əməkdar Jurnalist Qalina Mikeladzenin kitabının təqdimatı keçirildi

11 noyabr 2016

Paylaş:

10 noyabrın 2016-cı il tarixində Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Əməkdar Jurnalist Qalina Mikeladzenin “Qadının missiyası” kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı Elmira Axundova iştirakçıları salamlayaraq, tanınmış jurnalist Q.Mikeladzenin həyat və yaradıcılığı barədə məlumat verərək, əməkdar jurnalistin keçdiyi həyat yolu, çalışdığı mətbuat qurumları, haqqında yazdığı görkəmli şəxslər haqqında bəhs edib.

Təqdim olunan kitabdan söz açan millət vəkili, Əməkdar Jurnalist Elmira Axundova qeyd edib ki, həm dövlət, həm də ailə arxivlərində haqqında zərrə-zərrə məlumatlar toplanan adamlar barədə Qalina Mikeladze elə səmimi yazır ki, sanki qəhrəmanlarının çoxu ilə şəxsən söhbət edib.

Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan qadınlarının fəallığını, hər bir sahədə layiqincə təmsil olunmasının diqqətə çatdırıb. O, bu qadınlar sırasında tanınmış jurnalist Qalina Mikeladzenin adını qeyd edərək, onun Azərbaycan mətbuatına bəxş etdiyi dəyərli əsərlər, yazılar barədə söz açıb.

Komitə sədri məlumat verib ki, “Adiloğlu” nəşriyyatında Azərbaycanın Əməkdar Jurnalisti, Zərdabi mükafatı laureatı, “Şöhrət” ordeni ilə təltif edilmiş Qalina Mikeladzenin məqalələrindən ibarət “Qadının missiyası” adlı yeni toplu nəşr olunub.

Hicran Hüseynova bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunan kitaba fərqli peşə sahibləri olmuş görkəmli qadınlar haqqında müxtəlif illərdə yazılmış materiallar daxil edilib. Komitə sədri vurğulayıb ki, bu, ilk belə kitab deyil. Bu toplular mədəniyyət və incəsənət xadimlərinin xidmətlərinin işıqlandırılmasına dair Q.Mikeladzenin böyük jurnalist fəaliyyətinin, bir növ ümumiləşdirilməsidir. Lakin “Qadının missiyası” kitabında əhatə dairəsi böyükdür.

Təqdimatda Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova və başqaları da çıxış ediblər. Çıxışlarda Əməkdar Jurnalistin böyük yaradıcılıq yolundan söz açılıb. Qonaqlar Qalina Mikeladzeyə öz xoş sözlərini və arzularını bildiriblər.

Qeyd edək ki, “Qadının missiyası” kitabı “Repressiya və müharibə qurbanlarına ithaf” bölməsi ilə açılır. Bu bölmədə Q.Mikeladzenin anası da daxil olmaqla, müharibə illərinin çətin sınaqları və Stalin repressiyalarından keçmiş insanlar haqqında məqalələr toplanıb. “Onlar ilk idi” bölməsində müəllifin tarixi məlumatlar və arxiv sənədləri əsasında yazdığı tədqiqat xarakterli yazılar yer alıb. Topluda ən böyük bölmə “Dövlət və ictimai xadimlər” adlanır. Bu bölmə ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva barədə materialla başlayır.

Təqdimat konsert proqramı ilə davam edib.