Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibətilə “Qələbəyə doğru” intellektual bilik oyunu keçirilmişdir

22 aprel 2014

Paylaş:

Komitə tərəfindən hər il Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş tədbirlər keçirir. Bu il  Zərifə xanım Əliyevanın 91 illik yubileyi ilə əlaqədar olaraq Komitə tərəfindn 28 aprel, 2014-cü il, saat 15:00-da Park Inn otelində Azərbaycan İntellektual Oyunlar Klubu ilə birgə “Qələbəyə doğru” uşaqlar arasında intellektual bilik oyunu keçirilmişdir.Tədbirdən öncə Fəxri Xiyabanda Zərifə xanım Əliyevanın və ümumilli lider Heydər Əliyevin məzarüstü abidəsi Komitə əməkdaşları və rəsmi qonaqlar tərəfindən ziyarət edilmişdir.

Tədbir Zərifə xanım Əliyevanın xatirəsinə həsr həsr olunmuş “Nur dolu ömür” adlı filmin nümayişi ilə başlamış, daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova tədbiri giriş sözü ilə açaraq, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan danışmış və qeyd etmişdir ki, Zərifə xanım Əliyeva tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmış, onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanın həyatında əvəzsiz xidmətləri olan ziyalılar həmişə yad olunur, xatirələrdə yaşayırlar. Ölkəmizin gələcəyi olan gənc nəsil belə ziyalıların, alim və ictimai xadimlərin həyat və yaradıcılıqlarını öyrənməli, onlardan nümunə götürməlidirlər. Eyni zamanda Komitə sədri dövlət siyasətində uşaq problemlərinin həllinin prioritet istiqamətlərdən biri olduğunu söyləmiş, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqların problemlərinin həllinə böyük qayğı ilə yanaşdığı nəzərə çatdırılmışdır. Sonda Komitə sədri keçirilən bu cür müsabiqələrin uşaqların hərtərəfli inkişafında, intellektual və ictimai biliklərə yiyələnməsində əhəmiyyətini vurğulayaraq iştirakçılara uğurlar arzulamışdır.

Rəsmi hissədən sonra yarışa start verildi. Yarış Bakı şəhərinin 12 rayonunu (Səbail, Nizami, Yasamal, Xətai, Xəzər, Suraxanı, Sabunçu, Binəqədi, Qaradağ, Nəsimi, Nərimanov, Pirallahı) təmsil edən məktəbliləri arasında keçirilmişdir. Hər rayonun komandasında 6 nəfər iştirakçı və 4 nəfər dəstək qrupu iştirak etmişdir. Yarışda I yerin qalibi Nizami rayonu, II yerin qalibi Xəzər rayonu və III yerin qalibi Pirallahı rayonunu təmsil edən məktəbliləri olmuşdur. I yerin qaliblərinə planşet, II yerin qaliblərinə “Swatch” saatı, III yerin qaliblərinə fləşkart və həmçinin Komitə tərəfindən diplomlar təqdim edilmişdir. Eyni zamanda I, II və III yerin qalibi olmuş rayon İcra Hakimiyyətlərinə diplom, I yerin qalibi olmuş Nizami rayonunun məktəblilərinə “Qələbəyə doğru” kuboku hədiyyə olunmuşdur.