“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir keçirildi

9 aprel 2019

Paylaş:

2018-ci ilə ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə Respublikamızın şəhər və rayonlarında orta ixtisas təhsilli müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, tütün məlumatları) və QİŞS-ə qarşı mübarizənin gücləndirilməsi, talassemiyanın və qeyri-infeksion xəstəliklərin profilaktikası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində gənclərin maarifləndirilməsi məqsədilə böyük uğurla tədbirlər həyata keçirilir.

Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq, 2019-cu il ərzində tədbirlərin keçirilməsi Bakı şəhərində və regionlarında yerləşən ilk peşə-ixtisas təhsil müəssisələrində planlaşdırılır. Növbəti tədbir 9 aprel 2019-cu il tarixində Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Azərbaycan Dövlət Dəmir Liseyində “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda Liseyin qız və oğlan tələbələri üçün keçirilib.

Tədbiri giriş sözü ilə açan liseyin direktoru Həsən Bayramov tədbir iştirakçılarını salamlayaraq, tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Səhiyyə Nazirliyinə öz minnətdarlığını bildirib və tədbir keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, qonaqlara liseydə olan peşələr və təhsil alan tələbələr haqqında məlumat verib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova tədbir iştirakçılarına Komitənin iş istiqaməti və fəaliyyəti haqqında məlumat verərək, cəmiyyətdə ailə statusunun vacibliyindən, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsinin vacibliyindən bəhs edib. O, həmçinin hal-hazırda ailələri narahat edən problemlərdən, nikahın pozulmasının nəticəsində yaranan problemlərdən, ailədə zorakılığın, erkən nikahın, qan qohumluğun, insan alverin, qeyir-rəsmi nikahın fəsadlarından söhbət aparıb.

Sonra Komitə tərəfindən hazırlanmış maarifləndirmə materialları tədbir iştirakçılarına təqdim olunub və “Azərbaycan Ailəsi” Film Festivalına təqdim olunan milli-mənəvi, eləcə də ailə dəyərlərindən bəhs edən “Ailə bir ağacdır” qısametrajlı film, və cəmiyyətdə mövcud olan problemlərdən bəhs edən “Onlardan biri mənəm” adlı sosial çarx nümayiş edilib.

Daha sonra çıxış edən Səhiyyə Nazirliyinin İctimai-səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti, epidimioloq Lətafət Dadaşova “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda çıxış edərək, sağlam həyat tərzinin vacibliyindən, zərərli vərdişlərin fəsadlarından danışıb, İİV/QİŞS-ə yoluxma yollarından və qorunma vasitələrindən ətraflı məlumat verib.