“Ailədaxili münasibətlərin sosial rollara təsiri. Müsbət valideynlik” mövzusunda təlimlər keçirildi

21 fevral 2019

Paylaş:

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə artıq 3 ildir ki, “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihəni həyata keçirir.  Cari il üçün layihə 10 rayonu əhatə edəcəkdir. Layihə çərçivəsində hər rayondan 25 nəfər “Ailədaxili münasibətlərin sosial rollara təsiri. Müsbət valideynlik” mövzusunda seminarlara cəlb edilir.

20-21 fevral 2019-cu il tarixlərində layihə üzrə növbəti seminarlar Tərtər və Goranboy  rayonunlarında təşkil edilib. Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə seminarlarda rayonun kənd icmalarından valideynlər və mütəxəssislər iştirak edib. Seminarda ailədaxili müsbət mühitin uşaqların inkişafına təsiri, müsbət valideynlik, ailə üzvlərinin ünsiyyətinin vacibliyi, məişət zorakılığı hallarının qarşısının alınması yolları, ailə münasibətlərində qadınların və kişilərin hüquqları üzrə mövzular müzakirə edilib, mövzuya dair təqdimat edilib.

Seminarda Komitənin və GİZ-in birgə nəşri olan “Qadın hüquqları üzrə bələdçi” kitabı metodiki vəsait kimi iştirakçılara paylanılıb. Seminarın keçirilməsində məqsəd insan hüquqlarının və azadlıqlarının təmin olunması, müsbət valideynlik tendensiyasının təbliği, uşaqların düzgün inkişafı üçün tələbatlarına uyğun müsbət sosial psixoloji mühitin yaradılması, gələcək nəslin cəmiyyətin ictimai sosial həyatında hərtərəfli iştirakının təmin edilməsidir.