“Sağlam həyat tərzi.QİÇS-dən qorunma yolları” mövzusunda tədbir keçirilib

1 mart 2019

Paylaş:

2018-ci ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə Respublikamızın şəhər və rayonlarında orta ixtisas təhsili müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, tütün məmulatları) və QİÇS-ə qarşı mübarizənin gücləndirilməsi, talassemiyanın və qeyri-infeksion xəstəliklərin  profilaktikası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində gənclərin maarifləndirilməsi məqsədilə böyük uğurla tədbirlər həyata keçirilir.

Bu istiqamətdə tədbirlərin ilk peşə-ixtisas təhsili müəssisələrində davam etdirilməsi məqsədilə, 1 mart 2019-cu il tarixində  Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Abşeron Binə Peşə Liseyində “Sağlam həyat tərzi.QİÇS-dən qorunma yolları” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan peşə məktəbinin direktoru Nürəddin Həsənov tədbir iştirakçılarını salamlayaraq tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Səhiyyə Nazirliyinə öz minnətdarlığını bildirib və tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva uşaq və gənclərin fiziki və mənəvi cəhətdən sağlam nəsil kimi yetiştirilməsi, onların sağlamlığının təmin edilməsi üçün respublikamızda lazımi şəraitin mövcudluğunu vuğulayaraq, yeniyetmə və gənclərimizdə sağlam həyat tərzi keçirmək vərdişinin tərbiyə olunması istiqamətində görülən işlərdən bəhs edib.

Sonra çıxış edən Səhiyyə Nazirliyinin İctimai-səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Lətafət Dadaşova “Sağlam həyat tərzi.QİÇS-dən qorunma yolları” adlı təqdimatla çıxış edərək, sağlam həyat tərzinin əsas komponentlərindən .tədbir iştirakçılarına zərərli vərdişlərin fəsadlarından danışıb, İİV/QİÇSə yoluxma yollarından və qorunma vasitələrindən ətraflı məlumat verib.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb və peşə liseyinin tələbələrini maraqlandıran suallara cavab verilib.

Sonda Komitə tərəfindən hazırlanmış maarifləndirmə materialları tədbir iştirakçılarına təqdim olunub və  “Azərbaycan Ailəsi Film Festivalına”  təqdim olunan milli-mənəvi, eləcə də ailə dəyərlərindən bəhs edən “Xoşbəxtliyin açarı”, “Ailə bir ağacdır” qısametrajlı filmləri və cəmiyyətdə mövcud olan problemlərdən bəhs edən  “Onlardan biri mənəm” adlı sosial çarx nümayiş edilib.