“Azərbaycan ailəsi 2019” film festivalına start verilir
Paylaş:
01 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi 2019” film festivalına start verilir.
2009-cu ildən etibarən həyata keçirilən və beynəlxalq xarakter daşıyan “Azərbaycan ailəsi” film festivalı və festival çərçivəsində keçirilən “Həyatdan şəkilə” adlı fotomüsabiqənin əsas məqsədi kinematoqrafiya və fotoqrafiya sənətinin vasitəsi ilə ailə dəyərlərinin təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, cəmiyyətdə mövcud olan problemlərin işıqlandırılması, gənclərdə yaradıcılıq qabiliyyətinin aşkar olunması, eləcə də ailə məsələlərini əks etdirən video və foto materiallardan ibarət fondun zənginləşdirilməsi və təqdim edilən işlərin maarifləndirmə məqsədilə cəmiyyət üzvlərinə nümayiş etdirilməsidir.
“Azərbaycan ailəsi 2019” film festivalının və “Həyatdan şəkilə” adlı fotomüsabiqənin keçirilməsinin şərtlərini, qaliblərin müəyyənləşdirilməsi və mükafatlandırılması qaydalarını özündə əks etdirən əsasnamə və iştirakçılar üçün anket formaları festivalın Təşkilat Komitəsi tərəfindən hazırlanaraq Komitənin rəsmi internet səhifəsində (www.scfwca.gov.az) yerləşdirilib.
Festivalın məqsədinə və ideyasına uyğun olan bədii, sənədli, animasiya, vətənpərvərlik ruhunda çəkilmiş filmlər, sosial çarxlar, televiziya verilişləri, fotoşəkillər və “xarici film” nominasiyası üzrə xarici rejissorlar tərəfindən öz ölkələrinin milli ailə dəyərlərini əks etdirən filmlər 01 mart 2019-cu il tarixindən 01 oktyabr 2019-cu il tarixinədək festivalın Təşkilat Komitəsinə (ünvan: Hökumət Evi, 4-cü qapı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) təqdim edilə bilər. Festivala təqdim olunan işlər ictimaiyyətin görkəmli elm, mədəniyyət xadimlərindən və aidiyyəti qurumların nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Festival haqqında bütün məlumatlar Komitənin rəsmi internet səhifəsindən (www.scfwca.gov.az) və 012 493 79 62 əlaqə telefonlarından əldə oluna bilər.
Yaşından asılı olmayaraq cəmiyyət üzvlərini festivalda iştirak etməyə və bütün dünyaya örnək Azərbaycan ailə modelinin təbliğinə, ailədaxili problemlərin ictimailəşdirilərək həll yollarının tapılmasına töhfə verməyə dəvət edirik.