“Gender bərabərliyi üzrə 2019-2024 cü illər üçün Milli Fəaliyyət Planı”nın layihəsinin müzakirəsi keçirildi

20 fevral 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasında Gender bərabərliyi üzrə 2019-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın layihəsi hazırlanmışdır.

Milli Fəaliyyət Planının layihəsində gender bərabərliyi  və qadın hüquqları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi;  Əhali arasında gender bərabərliyi və qadın hüquqları haqqında məlumatlılığın artırılması; Gender  əsaslı zorakılıqla mübarizə tədbirlərinin gücləndirilməsi; İqtisadi sahədə gender bərabərliyinə nail olmaq, qadınlar arasında kiçik biznesin gələcək inkişafı, əmək bazarında qadınların rəqabət qabiliyyətinin artırılması; gender stereotiplərinin qarşısının alınması və onlarla mübarizə; Əlverişsiz şəraitdə yaşayan və təcrid olunmuş qadın və kişi qruplarına, o cümlədən kənd qadınları, əlil, məcburi köçkün, qaçqın və ahıl qadınlar arasında əsas ehtiyaclarının  öyrənilməsi istiqamətində araşdırmaların aparılması; Sülh proseslərində qadınların və qızların iştirakının gücləndirilməsi;   Təhsildən yayınma və erkən nikah hallarının aradan qaldırılması;  Əhali, xüsusilə qadınlar və gənc ailələr arasında reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində tədbirlərin gücləndirilməsi; Siyasi və ictimai həyatda, qərarqəbuletmədə və idarəetmədə qadınların iştirakçılığının    gücləndirilməsi;  Kənd  qadınları, əlil, məcburi köçkün, qaçqın qadınların məşğulluq imkanlarının artırılması (peşə kurslarının təşkili, kiçik biznesin inkişafı) və s. tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

20 fevral 2019-cu il tarixində Komitə yanında İctimai Şuranın üzvləri və digər qeyri-hökumət təşkilatlarının iştirakı ilə layihənin müzakirəsi keçirilmişdir.

Tədbir iştirakçıları tərəfindən  layihə bəndlər üzrə aktiv müzakirə edilərək təkliflər irəli sürülmüşdür.  Ümumilikdə layihə müsbət qiymətləndirilmişdir.

Təqdim olunan təkliflərlə layihə yenidən işlənərək dövlət orqanlarının müzakirəsinə təqdim olunacaqdır.