Uşaq əməyinin istismarı ilə mübarizə istiqamətində təlimlər keçiriləcək
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq uşaq baxımsızlığı, uşaq əməyinin istismarı və uşaqların təhsildən yayınmasının qarşısının alınması istiqamətində tədbirlər keçirilir. Bu istiqamətdə fəaliyyətin davamı olaraq Komitə tərəfindən Bakı şəhəri və Bakı şəhərində yerləşən məcburi köçkün rayonları üzrə yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları və yerli icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalarının əməkdaşları üçün növbəti təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Təlimlər 19 fevral 2019-cu il tarixində Sabunçu rayonunda Sabunçu, Pirallahı, Qaradağ, Xəzər, Suraxanı, Yasamal, Xətai, Nərimanov, Şuşa rayonlarının, 20 fevral 2019-cu il tarixində isə Bakı şəhəri Nizami rayonunda Sumqayıt şəhəri, Abşeron, Nəsimi, Səbail, Binəqədi, Qubadlı, Zəngilan, Nizami rayonlarının yuxarıda göstərilən qurum nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulmuşdur.
Təlimlərdə uşaq əməyinin istismarı ilə mübarizədə beynəlxalq konvensiyalar, ölkə qanunvericiliyi və bu sahədə beynəlxalq təcrübə barədə məlumat veriləcək, problemin aradan qaldırılması istiqamətində beynəlxalq təcrübə, uşaq əməyinin vəziyyətinə dair müzakirələr aparılacaq, təkliflər dinləniləcək.