Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti regional tədbir Abşeron rayonunda keçirilib

12 fevral 2019

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği,
milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə keçirilən “Ailə Akademiyası” layihəsi uğurla davam etdirilir.

Layihənin davamı olaraq, növbəti regional tədbir Abşeron rayon İcra Hakimiyyəti ilə birgə Abşeron, Xızı rayonlarının və Sumqayıt şəhərinin bələdiyyə orqanlarının nümayəndələrinin iştirakı ilə 8 fevral 2019-cu il tarixində Abşeron rayon Heydər Əliyev Mərkəzində keçirilib.

Tədbiri giriş sözü ilə açan Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini
Fuad Cəbrayılov tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə öz minnətdarlığını bildirib. Ailənin cəmiyyətin özəyini təşkil etdiyini bildirən
Fuad Cəbrayılov “Ailə Akademiyası” layihəsinin həyata keçirilməsinin ailə dəyərlərinin qorunması və möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addım olduğunu diqqətə çatdırıb.

“Ailə Akademiyası” layihəsini əks etdirən təqdimatla çıxış edən
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Azər İsalı layihə barədə tədbir iştirakçılarına məlumat verib.   

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ailənin möhkəmləndirilməsi, qadın və uşaq problemlərinin həlli və vətəndaş hüquqlarının müdafiəsinin dövlət siyasətinin mühüm tərkib hissələrindən biri olduğunu qeyd edib. Respublikamızda bu istiqamətdə qəbul edilən qanunlardan, aparılan davamlı islahatlardan söhbət açaraq bildirdi ki, aparılan məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərmiş, milli adət-ənənələrimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi  möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə öz mövqeyini qoruyub saxlamışdır. Bununla yanaşı qloballaşan dünyada baş verən dəyişikliklərin Azərbaycan ailəsinə olan təsirlərini də qeyd edərək, bu mənfi təsirlərin aradan qaldırılması istiqamətində Komitənin fəaliyyəti, Bakı şəhəri və ətraf rayonlarda, eləcə də regionlarda həyata keçirilən layihələri barədə tədbir iştirakçılarına məlumat verib. Cəmiyyətdə ailə dəyərlərinin qorunması, gənclərin gələcək ailə həyatına hazırlanması, valideyn-övlad münasibətlərinin düzgün tənzimlənməsi istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayan Sədaqət Qəhrəmanova “Ailə Akademiyası”nın bu istiqamətdə yeni layihə olduğunu bildirib. Həmçinin, layihənin daha geniş miqyasda həyata keçirilməsi işində bələdiyyələri fəal olmağa çağırıb.

AMEA-nın Fəlsəfə İnstitutunun Müasir siyasətin fəlsəfəsi şöbəsinin müdiri, professor Rəna Mirzəzadə layihənin əhəmiyyətini qeyd edərək,  gənc nəslin sağlam, savadlı və vətənpərvər vətəndaş kimi tərbiyə olunmasının gələcək sağlam ailələrin formalaşmasındakı vacibliyini xüsusi vurğulayıb.

Məruzələr ətrafında Aşağı Güzdək qəsəbə məscidinin dini icmasının sədri Nemət  Lətifov, Aşağı Güzdək qəsəbəsi Bələdiyyəsinin sədri Mahizər Şirəliyeva, Abşeron Rayon Ağsaqqalar Şurasının sədri Nadir Ağayev, Sumqayıt bələdiyyəsinin üzvü Akif Kərimov, Xələnc-Fındığan bələdiyyəsinin sədri Mahir Rəsulov, Loqos Psixoloji və Nitq inkişaf mərkəzinin psixoloqu Könül Cəfərova, psixoloq Xanım İsmayılzadə çıxış ediblər.

Layihə çərçivəsində bələdiyyə orqanlarında yerli sakinlərin iştirakı ilə görüşlərin il ərzində davam etdirilməsi nəzərdə tutulur.