1 Dekabr “Ümumdünya QİÇS-lə Mübarizə Günü”nə həsr olunmuş tədbir keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsili müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərin fəsadları barəsində gənclərin maarifləndirilməsi və QİÇS-ə qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə 7 dekabr 2018-ci il tarixində Azərbaycan Texniki Universitetinin nəzdində olan Bakı Texniki Kollecinin tələbələri üçün 1 Dekabr “Ümumdünya QİÇS-lə Mübarizə Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Kollecin Tərbiyə işləri üzrə direktor müavini İlham Zeynalov tədbir iştirakçılarını salamlayaraq tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Səhiyyə Nazirliyinə öz minnətdarlığını bildirib və tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva 1 Dekabr tarixinin “Ümumdünya QİÇS-lə Mübarizə Günü” kimi qeyd olunduğunu vurğulayaraq, əhali, xüsusilə gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğinin, ziyanlı vərdişlərin fəsadları barəsində onların maarifləndirilməsinin Komitənin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd etmiş, bu sahədə görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib.
Sonra Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Lətafət Dadaşova “Sağlam həyat tərzi. QİÇS-dən qorunma yolları” mövzusunda təqdimatla çıxış edərək, tədbir iştirakçılarına bu ağır xəstəliyə yoluxma yolları, onun simptomları və insanların bu xəstəlikdən qorunması yolları barədə geniş məlumat verib.
Daha sonra mövzu ətrafında müzakirələr aparılmış və Kollec tələbələrini maraqlandıran suallara cavab verilib.
Sonda Komitə tərəfindən hazırlanmış “Sağlam həyat tərzi. QİÇS-dən özünü qoru“ “Narkotiklərə YOX deyək!” və digər maarifləndirmə materialları tədbir iştirakçılarına,
eyni zamanda Kollecin kitabxanasına təqdim olunub və “Azərbaycan Ailəsi Film Festivalında” iştirak edən, ziyanlı vərdişlərin fəsadlarından bəhs edən “Əlvida mənim dostum” və ailə dəyərlərini təbliğ edən “Ailə bir ağacdır” adlı filmləri nümayiş etdirilib.