Dövlət Komitəsi BMT-nin Uşaq Fondu ilə birgə “Uşaq hüquqları: bərabər imkanlar” mövzusunda dəyirmi masa təşkil edib

20 noyabr 2018

Paylaş:

20 noyabr, 2018-ci il  tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi UNİCEF-lə birgə dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrinin, istedadlı uşaqların iştirakı ilə “Uşaq hüquqları: bərabər imkanlar” mövzusunda dəyirmi masa keçirib.

Tədbirin açılış hissəsində rəsmi qonaqlar və uşaqlar sağlamlıq imkanları məhdud uşaqların istedadlı rəssam uşaqlarla rəsm əsərləri üzərində birgə işlərini seyr ediblər.

Daha sonra tədbiri giriş sözü ilə açan Komitə sədri Hicran Hüseynova ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində son zamanlar aparılan işlər barədə tədbir iştirakçılarını məlumatlandırmışdır. Tədbirdə çıxış edən UNİCEF-in ölkəmizdəki nümayəndəsi Edvard Karvardin BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının uşaq hüquqlarının həyata keçirilməsində rolundan və əhəmiyyətindən danışmışdır. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova çıxış edərək hər il noyabrın 20-nin bütün dünyada olduğu kimi ölkəmizdə də Ümumdünya Uşaq Günü kimi qeyd olunmasını əhəmiyyətli hesab edərək, ölkəmizdə keçirilən tədbirlərin uşaq hüquqlarının təbliğinə, onların hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, uşaq hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə töhfə verdiyini bildirmişdir.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaqlarla bağlı fəaliyyətini əks etdirən “Uşaq hüquqları:Bərabər imkanlar” adlı təqdimatın nümayişi həyata keçirmişdir. Dəyirmi masada iştirak edən uşaqlar onları maraqlandıran məsələlər barədə çıxışlar etmiş və rəsmilər tərəfindən uşaqların sualları cavablandırılmışdır. Tədirin yekunu olaraq il ərzində uşaq hüquqlarının təbliği sahəsində fərqlənən bir qrup uşağa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNİCEF-in birgə diplomları təqdim edilmiş, xatirə şəkli çəkilmişdir.