“Üfüqdə yeni fürsətlər:qadın sahibkarlara yaşıl işıq!” adlı konfrans keçirilib
Paylaş:
15 noyabr tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə birgə Qlobal Sahibkarlıq Həftəsinin qeyd olunmasına həsr edilmiş “Üfüqdə yeni fürsətlər: qadın sahibkarlara yaşıl işıq!” adlı konfrans keçirib.
Dövlət Komitəsinin sədri Hicran Hüseynova giriş nitqi ilə çıxış edərək bildirib ki, konfransın təşkilində əsas məqsəd qadın sahibkarlığının inkişafına dəstək olmaq, onlar üçün yeni imkanlar yaratmaqdan ibarətdir. Eyni zamanda, noyabrın 12-18-də dünyada sahibkarlığın inkişafı həftəsi qeyd olunur. Konfrans həm də bu təşəbbüsə dəstək vermək məqsədi daşıyır.
Hicran Hüseynova qeyd edib ki, Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış sənədlər, qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Ölkəmizdə sahibkarlığa verilən bu diqqət özünün müsbət nəticələrini verir. Beləki, Azərbaycan iqtisadi inkişaf göstəricilərinə görə Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz reytinqdə irəliləyərək 35- ci yerdədir. Eyni zamanda, Bu ilin avqust ayında cənab Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında çox vacib bir sənəd imzalandı. Həmin Fərmana əsasən İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu yaradıldı. Və bu Fondun yaradılması əhalinin məşğulluğunun artırılması, iqtisadi resursların effektiv istifadə olunmasına mühüm töhfə verəcəkdir.
Dövlət Komitəsinin sədri diqqətə çatdırıb ki, Hökumətimiz Gələcəyə Baxış İnkişaf Konsepsiyasına əsaslanaraq və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə dayanaraq çox mühüm vəzifələri yerinə yetirir. Xüsusən də gender bərabərliyinin təmin edilməsi və bütün sahələrdə qadınların və qızların imkanlarının genişləndirilməsinə nail olmaq üçün öhdəliklərimiz var. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə qaçqın və məcburi köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir. Həmçinin, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”də də qadın məşğulluğunun artırılması və bu sahədə çevik mexanizmlərin yaradılması məsələsi də gündəmdədir. Bu strategiyaya uyğun olaraq, Komitənin əsas vəzifələrindən biri də qadın sahibkarlığının inkişafına daha da çox dəstək göstərməkdir. Ölkənin iqtisadi yüksəlişi, bu sahəyə investisiyaların qoyulması və dəstəklənməsi üçün real imkanlar yaradır. Bizim 2 əsas məqsədimiz var: birincisi qadınların məşulluğunun artırılması, onların hətta ev şəraitində belə gəlir əldə etməsi; ikincisi isə qadının “işsiz ” statusundan “işə götürən” statusa keçməsidir. Buna nail olmaq üçün kiçik və orta biznesin dəstəklənməsi prosesində gender ehtiyaclarının ödənilməsi üçün kompleks qiymətləndirmələr aparılır.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov bildirib ki, Azərbaycanda kiçik sahibkarlığın formalarından biri kimi özünəməşğulluq forması tətbiq edilir. Bu da qadınların əmək fəaliyyətinin artırılmasına əlavə imkan yaradır. Azərbaycan hökuməti qadınların kiçik və orta sahibkarlıqla məşğulolma səviyyəsinin artırılması üçün proqramlar həyata keçirir: "Biz qadınların kiçik və orta sahibkarlıqla məşğul olmasını stimullaşdırılmaq üçün tədbirlər həyata keçiririk. Qadınlarımız ailə həyatının qayğısının böyük hissəsini öz üzərilərinə götürdüklərindən onların kiçik və orta sahibkarlıqla məşğul olması imkanları bir-birini tamamlamır"
Əli Əhmədov qeyd edib ki, hədəfimiz ondan ibarətdir ki, qadınlarımız kiçik və orta sahibkarlıqla daha cəsarətlə, daha qətiyyətlə məşğul olsunlar, daha çox qadın sahibkarlıq sahəsinə cəlb olunsun. Bununla da Azərbaycan qadınları ölkə iqtisadiyyatına öz töhfəsini versinlər. "Harada qadın fəallığı varsa, orada ictimai tərəqqi var. Azərbaycan qadını bütün sahələrdə ictimai fəallığını nümayiş etdirir, ictimai rəydə iştirak edir. Azərbaycan qadınlarının məşğulluq səviyyəsi bir sıra sahələrdə yüksəkdir. Təhsil, səhiyyə sahəsində qadınlar iştirakçılıq səviyyəsinə görə kişilərdən üstündürlər. Biz bütün sahələrdə qadın və kişilərin bərabər təmsil olunmasını istəyirik və bunu təşviq edirik. Bu mənada qadınların sahibkarlıq sahəsində iştirakçılığının artması bizim həyata keçirdiyimiz siyasətlərdən biridir. Həmçinin azad bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına qayğı göstərilməsi Azərbaycan dövlətinin diqqət etdiyi məsələlərdən biridir. Bu sahədə Azərbaycan Qadın Sahibkarlığı Assosiasiyası böyük işlər görüb, müəyyən nailiyyətlər əldə edə bilib: "Azərbaycan hökuməti kiçik və orta sahibkarlığın inkişafına böyük diqqət göstərir. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi işlər görür və lazımi vəsait ayrılır. Bundan sonra da Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar olacaq".
Daha sonra BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İsakzai, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heydətinin sədri Səkinə Babayeva, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Sahibkarlar Təşkilatları Konfederasiyasının Prezidenti Məmməd Musayev, Dağıstan Respublikasının Qadınlar Cəmiyyətinin sədri İntizar Mamutayeva və digərlərinin çıxışları dinlənilib. Çıxış edənlər bu kimi tədbirlərin həyata keçirilməsinin əhəmiyyətindən danışıb və Assosiasiyanın gələcək fəaliyyətinə uğurlar arzu ediblər.
Məlumat verilib ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyanın dəstəyi ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü ilə təsis olunub. Assosiasiyanın əsas məqsədi kiçik və orta sahibkarlıqla məşğul olan sahibkar qadınları bir araya gətirməkdir. Onların inkişafına, yerli və dünya arenasına çıxmasına dəstək verməkdir. Eləcə də Assosiasiyanın təşəbbüsü ilə yerli və beynəlxalq tədbirlərdə, forumlarda, konfranslarda, təlimlərdə sahibkar qadınların iştirakını təşkil etməkdir. Qısa müddət ərzində Assosiasiya böyük nailiyyətlər əldə edib. Daxili və xarici əlaqələrini genişləndirib, sahibkar qadınlarla birgə ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir.
Sonda konfrans çərçivəsində xanımların əl işlərindən ibarət sayca 13-cü olan "Göz nuru, Əl əməyi" adlı sərgi təşkil olunub.