Nümunəvi ailə modeli: “Əsədovlar ailəsi”
Paylaş:
Əsədov Hüseyn və Əsədova Rəhilə artıq 59 ildir ki, ailə qurublar. 5 övladı olan bu uzunömürlü ailənin 9 nəvəsi və 26 nəticəsi vardır. Əsədovlar ailənin möhkəmliyinə və dəyərlərinin təbliğinə olduqca xüsusi önəm verirlər. Gəncə şəhər sakinləri olan və işgüzarlıq və əməksevərliyi ilə tanınan bu ailə Azərbaycan ailə modelinin mühüm nümunələrindəndir.
Onların müsahibəsinin diqqətinizə təqdim edirik:
“Artıq 80 yaşımı haqlamışam. Həyat yoldaşımın isə 85 yaşı var. Biri-birimizə olan qayğı və diqqətimiz heç vaxt əksilməyib. Əl-ələ verib 3 oğul, 2 qız böyütmüşük. 9 nəvəmiz, 6 nəticəmiz var. Bu yaxınlarda isə kötücəmiz dünyaya gələcək. Həyatın demək olar ki, hər üzünü görmüşük. Amma oğul-uşağın xoş gününü görəndə, nəvələrin toyunda qol götürüb süzəndə, nəticələri qucağımıza alıb oxşayanda yaşadığımız günlərin hədər getmədiyini düşünür, sevinirik. Ata-ananı gümrah saxlayan övladların xoşbəxtliyi, böyüyünü hörmət-izzətli saxlamasıdır. Balalarımız çoxdan qol-qanad açaraq ata ocağından pərvazlanıb uçublar İndi onların hərəsi bir evin sahibi, bir ocağın istisidirlər. Gəncədə, Bakıda, hətta Rusiyada yaşayanı da var. Lakin bizləri heç vaxt unutmurlar. Bizim valideyn sevgimizə övlad məhəbbəti ilə cavab verirlər. Bir oğlumla birlikdə yaşayırıq. O biri oğlum da yaxınlıqda olur. Bir qarpız öz ailəsinə alanda, birini də bizim darvazadan içəri qoyur. Deyirəm belə etmə. Bizim dövlətdən aldığımız təqaüd özümüzə yetir. Amma kimə deyirsən? Hamısı belədir. Mehriban, qayğıkeş… Bu isə ailə üçün böyük şərtdir. Hər zaman çalışmışıq ki, uşaqlarımız biri-birinə qarşı mehriban olsunlar. Böyük-kiçiyin yerini bilsinlər. Qədir-qiymət qoymağı bacarsınlar. Görünür buna nail ola bilmişik. İnsan əkdiyi meyvənin barını dərəndə ömrünün hədər getmədiyinə əmin olur və sevinir. Biz bu gün, şükürlər olsun ki, bu sevinci yaşayırıq”.