Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Nyu-Yorkda səfərdə olan Hicran Hüseynova BMT-də Davamlı İnkişaf Hədəflərinə nail olmaq məsələsinə həsr edilmiş tədbirdə çıxışından sonra BMT radiosuna müsahibə verib

8 oktyabr 2018

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Nyu-Yorkda səfərdə olan Hicran Hüseynova BMT-də Davamlı İnkişaf Hədəflərinə nail olmaq məsələsinə həsr edilmiş tədbirdə çıxışından sonra BMT radiosunun rus xidmətinin rəhbəri Yelena Vapniçnayaya müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Mən BMT-nin qadınların vəziyyətinə dair komitəsinin tövsiyələrini oxudum. Azərbaycan 2015-ci ildə həmin komitədə hesabat verib. O vaxt komitə üzvləri qeyd ediblər ki, bələdiyyələr səviyyəsində qadınların təmsil olunma göstəricisi 35 faizdir. Bu, çox yaxşı, hətta tövsiyə olunmuş orta kvotadan yuxarı göstəricidir. Lakin qanunvericilik orqanlarında, hökumətdə, o cümlədən qərarlar qəbul edilən yüksək vəzifələrdə qadınlar azdır. O vaxtdan nə isə dəyişibmi?

- Əlbəttə, dəyişib. Əvvələn, bizim ölkənin Birinci vitse-prezidenti qadındır. İkincisi, nazir müavinləri olan qadınların sayı artıb. Bu gün Azərbaycanın demək olar ki, hər bir rayonunda icra hakimiyyəti başçısının müavini vəzifəsinə hökmən qadın təyin edilir. Bu, Azərbaycanın siyasətidir. Bu vəzifə rayonda rəhbər mövqe sayılır. Azərbaycanın ən iri rayonlarından biri olan Abşeron rayonuna qadın rəhbərlik edir, yəni o, icra hakimiyyətinin başçısıdır.

Bələdiyyələrə gəldikdə isə o vaxt biz işə yenicə başlamışdıq. Buna görə bizim üçün və bütövlükdə MDB məkanı üçün bələdiyyələr yeni hadisə idi. Bundan əlavə, Azərbaycan münaqişə, müharibə vəziyyətində idi. Bir milyon qaçqın və köçkünün yarıdan çoxu qadınlardır. Bu qadınları fəallaşdırmaq üçün onlarla iş aparmaq olardı və lazım idi. Bizim vəzifəmiz, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri kimi mənim vəzifəm ondan ibarət idi ki, biz yalnız problemlər barədə danışan millətə yox, qadınların kişilərlə bərabər ölkənin inkişafında fəal iştirak etdiyi millətə çevrilməliyik. Bizdə inanılmaz “bum” baş verdi. Biz bu işə başlayanda bələdiyyə qurumlarında qadınların sayı cəmi dörd faiz idi. Bu gün isə, sizin düzgün olaraq qeyd etdiyiniz kimi, həmin rəqəm artıq 30 faizdən yuxarıdır. Parlamentdə də eyni hal baş verir: bizdə mövcud olan dinamika belə deməyə əsas vermir ki, qadınlar parlamentə çox yüksək fəallıqla gedirlər, lakin bu sahədə ləngimə də yoxdur. Hər il parlamentdə qadınların sayı azı iki-üç faiz artır.

Başlıca vəzifə qadının idarəçiliyi bacarmaması barədə stereotipi aradan qaldırmaqdır. Bu məsələdə də qadınlara kömək etmək lazımdır. Əvvələn, dövlət uşaqlara qulluq edilməsi probleminə diqqəti artırıb. İlk növbədə, çoxlu uşaq bağçaları tikmək lazım idi. Qadın işə rahat çıxa bilmək üçün öz uşaqlarını kiməsə tapşırmalıdır. Bu gün Azərbaycanda həm özəl sektorda, həm də dövlət sektorunda çoxlu uşaq bağçaları tikilir. Yəni qadın üçün alternativ yaranıb: o, övladlarını uşaq bağçalarına vermək, özü isə işə çıxmaq imkanı əldə edib.

Biz özümüz rayonlarda qadınlarla çox iş aparırıq. Məsələn, bələdiyyələrə seçkilər zamanı qadınlarla görüşürük, onlara izah edirik ki, bu prosesdə daha fəal iştirak etsinlər. Onlar deyirlər: “Biz qorxuruq”. Eyni zamanda, qadınlar öz problemləri barədə danışanda biz deyirik: “Yaxşı, bizdə “qaynar xətt” telefonu olacaq. Əgər siz cüzi də olsa ayrı-seçkilik təzahürləri, müəyyən təzyiq hiss etsəniz, müəyyən problemlərlə üzləşsəniz, həmin “qaynar xətt”ə zəng vurun, biz dərhal sizin problemlərinizi həll edərik”. Beləliklə, böyük bir sıçrayış oldu, çünki qadınlar özlərinə inandılar. Biz bələdiyyələr vasitəsilə biznes sahəsində də qadınlarla iş aparırıq. Bu sahədə də böyük tərəqqi var.

Belə fəallıq sayəsində, rayonların çoxunda pilot layihələrimiz sayəsində həmin rayonların hər birində 30-40 qadın özlərinin kiçik və ya orta müəssisələrini yaradıblar. Həmin tədbirlərin hər biri əlavə beş, on, on beş, iyirmi iş yeri deməkdir, çünki bu müəssisələr insanları işə cəlb edir. Məlum oldu ki, istedadlı insanlar çoxdur, onlar xalça toxuyur, yaxşı bişinti hazırlamağı bacarırlar, rayon üçün zəruri olan müəyyən servis xidmətləri ilə məşğul ola bilərlər.

İşin praktiki cəhətinə gəldikdə demək istərdim ki, bu gün Azərbaycanda qadınlar üçün qadağan olunmuş heç bir peşə yoxdur. Bu gün bizim parlamentin sədrinin müavini qadındır, ölkənin əsas neft şirkətinin vitse-prezidenti qadındır, Milli Təhlükəsizlik Xidmətində, Gömrük Komitəsində, müxtəlif strukturlarda çalışan general qadınlarımız var. Halbuki əvvəllər belə bir stereotip mövcud idi ki, bu peşələr yalnız kişilər üçündür. Hazırda bizdə çox yüksək səviyyəli top-menecer qadınlar var. Onlar innovasiyalar sahəsində, informasiya məkanında çalışırlar. Əlbəttə, istərdik ki, belə qadınların sayı daha çox olsun, lakin ilk addımlarımız da çox pozitivdir.

- Siz düzgün yoldasınız. Amma hər halda bəzi ağrılı nöqtələrə toxunmaya bilmərik. Bu barədə BMT ekspertləri də danışıblar. Belə heyrətamiz dəyişikliklərə baxmayaraq, hər halda cəmiyyətdə, elə KİV-lərdə də patriarxal stereotiplər mövcuddur. BMT ekspertləri bunu da qeyd ediblər. Məsələn, ailədə oğlan uşaqlarına üstünlük verilməsi kimi hallar hələ də mövcuddur. Oğlanlar daha çox doğulur: 100 qız uşağına 114 oğlan uşağı düşür. Bu, “gendersid” və ya “femisid” adlanır. Hər halda belə vəziyyət var, elə deyilmi?

- Mən deyərdim ki, bu, stereotip yox, sosial hadisədir. Özü də təkcə Azərbaycanda yox, prinsip etibarilə bütün ölkələrdə belədir. Obyektiv demək lazımdır ki, bu gün, xüsusən özləri üçün karyera qurmaq istəyən qadınlar az doğmağa başlayıblar. Yəni onlar üçün həmişə seçim var. Əgər müəyyən hallarda ailədə bir uşaq olması məsələsi qarşıda durursa, onda kimlərsə oğlan istəyir. Mən deməzdim ki, bu hal kütləvi xarakter daşıyır. Azərbaycanda belə deyil. Biz azərbaycanlıların mentalitetində qadına böyük hörmət var. Mən dil ilə bağlı sadə bir təhlil aparmışam. Başqa dillərin heç birində “ağsaqqal”, yəni “nəslin başçısı” anlayışı yoxdur, amma bizdə “ağbirçək”, yəni “nəslin başçısı olan qadın” anlayışı var. Yəqin siz də bilirsiniz, bizdə tarixən belə qadınlar çox olub.

Bu il biz Azərbaycanda qadınların səs verməyə başlamasının 100 illiyini qeyd edirik. Qərb ölkələrinin çoxunda qadınlara bu hüquq ötən əsrin 20-ci, 40-cı illərində, bəzi ölkələrdə isə daha gec verilib. Mən qərb auditoriyasında bu barədə danışanda dinləyicilər heyrətlənirlər: bu necə olub? Ona görə ki, stereotip belədir. Bəs necə olub ki, Şərqdə qızlar üçün ilk məktəb 1901-ci ildə Bakıda açılıb? O vaxt mesenatlardan soruşanda ki, bu məktəb nəyə görə qızlar üçündür, onlar belə cavab verirdilər: “Ona görə ki, savadlı qız - savadlı millət deməkdir”. Bu səbəbdən, yəni mentallıq belə olanda müharibə, münaqişə, dağılmış ailələr, psixoloji stresslər cəmiyyət üçün izsiz ötüb keçə bilməzdi. İndi biz bu problemləri həll edirik və çox uğurla həll edirik. Vəziyyət həmişəkindən qat-qat yaxşıdır. Əlbəttə, ailə zorakılığı problemləri də var. Bu problem bütün dünyada var. Azərbaycanda bu sahədə vəziyyət ildən-ilə yaxşılaşır. Dövlət səviyyəsində çox böyük iş aparılır və bu işi heç vaxt dayandırmaq olmaz. Biz universitetlərdə çox maraqlı gender proqramları həyata keçiririk. Azərbaycanda bəlkə elə qurum yoxdur ki, orada mənim gender focal point (“əlaqələndirmə mərkəzi”) proqramım tətbiq olunmasın. Bütün strukturlarda “bizim nüfuz agentlərimiz” fəaliyyət göstərirlər. Biz hətta həmkarlar ittifaqları kimi geniş auditoriyanı və onun potensialını da əhatə edirik. Biz orada da qadın resurs mərkəzləri yaratmışıq. Həmin mərkəzlər vasitəsilə birlikdə çox böyük iş görürük.

- Həlli çətin olan problemlərdən biri də erkən nikahlardır. Bu, təkcə Azərbaycan üçün deyil, Orta Asiya və Şimali Qafqaz ölkələrinin çoxu üçün səciyyəvidir. Üstəlik, belə nikahların çoxu ənənəvi dini mərasimlər şəklində bağlanır, yəni Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı şöbələrində və dövlət müəssisələrində qeydiyyata alınmır. Bu isə o deməkdir ki, qadınların heç bir hüquqi müdafiəsi yoxdur, onlar öz ərlərinə mənsubdurlar. Postsovet məkanındakı müxtəlif ölkələrdən olan qadınlarla əvvəlki müsahibələrimə əsasən belə başa düşürəm ki, adətən onlarla əlaqə saxlamaq çox çətin olur, çünki əksər hallarda belə hadisələr ucqar kənd rayonlarında, dağlıq rayonlarda baş verir. Bunun öhdəsindən necə gəlmək olar və siz necə gəlirsiniz?

- Biz belə halları faktiki olaraq ailə zorakılığına bərabər tuturuq, çünki belə faktlar əsasən qızın özünün iradəsinə zidd olaraq baş verir. İkincisi, bunun qarşısını almaq üçün biz dini qurumlarla sıx əlaqə saxlayırıq. Bizdə bu dini mərasimin icrası ən yüksək dini qurumlar səviyyəsində real şəkildə qadağan olunub. Əvvələn, nikah bağlanan qızın 18 yaşı tamam olmalıdır, ikincisi, rəsmi qeydiyyat sənədi olmasa heç kəsin dini nikah bağlamağa hüququ yoxdur. Əlbəttə, bəzi yerlərdə belə hallar olur. Bunun qarşısını almaq üçün biz Azərbaycanın bütün rayonlarının rəhbərliyinə rəsmi müraciət etmişik, monitorinq qrupları yaratmışıq. Bu nə deməkdir? Monitorinq qrupu, bir tərəfdən bütün belə halların və zorakılığın profilaktikasını aparır, digər tərəfdən belə hallara operativ müdaxilə edir. Bu monitorinq qruplarının hər birində müvafiq dövlət strukturlarının nümayəndələri - prokuror, hüquqşünaslar, hakimlər, mənim rəhbərlik etdiyim komitənin nümayəndələri, təhsil, mədəniyyət sahələrinin və icra hakimiyyətinin təmsilçiləri var.

Toy olacağı barədə xəbəri rayonda təbii ki, hamı eşidir. Rayonda artıq bilirlər ki, gəlib o adamı həbs edəcəklər, çünki həmin şəxs qanunu pozur və buna imkan verilməyəcək. Artıq rəsmi müraciət etməyə başlayıblar, çünki cəzalandırıla biləcəklərindən qorxurlar. Bilirsiniz ki, biz 70 il Sovet İttifaqı adlanan bir ölkədə birgə yaşamışıq. Sonra hərə öz küncünə çəkilib. Bu proses bəzi yerlərdə sakit şəraitdə, bizdə isə ölkəmiz üçün ağlasığmaz sarsıntılar fonunda keçib. Ən dəhşətlisi o idi ki, insanların şüurunda boşluq yarana bilərdi. Onlar dəyişmiş şəraitdə özlərini yetərincə real görmürdülər, nələr baş verə biləcəyini anlamırdılar. Lakin sonra ölkəmiz, necə deyərlər, relsə düşdü, inanılmaz “bum”, iqtisadi inkişaf dövrü başlandı və bu gün Azərbaycan bütövlükdə, hər cəhətdən dinamik inkişaf edən ölkədir. Bu fonda kimsə birdən-birə özünün 15-16 yaşında qızını ərə vermək fikrinə düşsə... Belə insanlarla iş aparmaq lazımdır. Əlbəttə, mentallıq nəzərə alınmaqla.