Özbəkistanda “Ailə institutunun gücləndirilməsi və böyüməkdə olan gənc nəslin tərbiyəsində yerli özünüidarəetmə orqanlarının rolu” mövzusunda Beynəlxalq Konfrans keçirilib
Paylaş:
27-28 sentyabr tarixində Özbəkistanda “Ailə institutunun gücləndirilməsi və böyüməkdə olan gənc nəslin tərbiyəsində yerli özünüidarəetmə orqanlarının rolu” mövzusunda Beynəlxalq Konfrans keçirilib. Tədbirdə bir sıra beynəlxalq təşkilatların nümayəndələri, MDB və digər xarici ölkələrin məsul şəxsləri, ictimai-siyasi xadimlər, ekspertlər iştirak edib. Konfransda Azərbaycan Respublikasını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova təmsil edib. S.Qəhrəmanova həmçinin Plenar iclaslardan birinə moderatorluq edib.
“Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələrindən bəhs edən Komitə sədrinin müavini Sədaqət Qəhrəmanova bildirib ki, Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi çərçivəsində ailənin inkişafına yönələn tədbirlərə xüsusi diqqət ayrılır. 90-cı illərdə ailənin möhkəmləndirilməsinə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində Ulu Öndər Heydər Əliyevin dəstəyi əsasında mühüm beynəlxalq Konvensiyalar və qanunlar qəbul edilmişdir. Cənab Prezident İlham Əliyev tərəfindən həmin qanunvericilik islahatları bu gün uğurla davam etdirilir.
Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ciddi sosial-psixoloji çətinliklərlə qarşılaşan qaçqın və məcburi köçkün ailələr, həmçinin aztəminatlı və çoxuşaqlı ailələr, tənhalar, tək valideynli ailələr, cəzaçəkmə müəssisələrində cəza çəkən qadın və uşaqların problemləri daim dövlətin diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyətə başlayan Mehriban xanım Əliyevanın elə ilk atdığı addımlar da məhz belə həssas qruplardan olan ailələrə yönəlmişdir. Belə ki, müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələr mənzillə təmin edilmişdir. Eyni zamanda, uşaq evlərində böyüyən və internat həyatı başa çatan qızlar və oğlanlar üçün yaşayış binası tikmiş və onların istifadəsinə verilmişdir. S.Qəhrəmanova vurğulayıb ki, ailə İnstitutunun möhkəmliyi, həmin cəmiyyətin və dövlətin güclənməsi və inkişafına gətirib çıxarır. Bu baxımdan maarifləndirici tədbirlərin keçirilməsi çox önəmlidir. Ölkə üzrə ailə münasibətlərinin formalaşması, yeni keyfiyyətlərin müsbət və mənfi təsiri haqqında seminarlar keçirir, yaşlı nəsillə gənc nəslin dialoqu təşkil olunur. Azərbaycanda 2008-ci ildən Ailə günü qeyd olunur. “Ailə günü” ilə bağlı Respublikanın şəhər və rayonlarında milli-mənəvi dəyərlərin qorunub saxlanılması, gənc nəslin tərbiyəsi, sağlam həyat tərzinin təbliğinə istiqamətləndirilmiş müxtəlif tədbirlər həyata keçirilir. Artıq 9 ildir ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi” adlı filmlər festivalı uğurla həyata keçirilir.
Dövlət ailə siyasətinin təbliği, milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması, eləcə də gənclərin xüsusilə də gənc qızların və qadınların cəmiyyətdə iştirakçılığının artırılması məqsədilə bələdiyyə orqanları ilə birgə “Ailə Akademiyası” layihəsi həyata keçirilir. Layihə çərçivəsində keçiriləcək görüşlərdə Ailə münasibətlərinin formalaşması, Ailə planlaşdırılması, gənclərin hüquq və vəzifələri, ailə həyatına hazırlq, reproduktiv sağlamlıq haqqında biliklərinin təkmilləşdirilməsi, internet təhlükəsizliyi və digər bu kimi mövzular müzakirə edilir.
Müzakirələrdə yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının nümayəndələri, sosioloqlar, psixoloqlar, hüquqşünaslar, din xadimləri, həkimlər, nümunəvi ailələrin nümayəndəsi, ağsaqqallar, ağbirçəklər, yerli QHT nümayəndələri iştirak edirlər.
Konfrans işgüzar və aktiv müzakirə şəraitində keçib, ailə institutunun gücləndirilməsi istiqamətində bir sıra ölkələr öz təcrübələrini bölüşüb, effektiv həll yolları ilə bağlı maraqlı təkliflər irəli sürülüb.